Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın üzvlüyü məsələsini bloklaması qərəzli və əsassız yanaşmanın davamı kimi qiymətləndirilir.
Politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında bildirib ki, Hindistanın bu mövqeyi xüsusən II Qarabağ müharibəsi dövründə və sonrasında Azərbaycana qarşı nümayiş etdirdiyi qeyri-adekvat münasibətin davamıdır.
Onun sözlərinə görə, bu münasibətin arxasında əsas səbəb kimi Azərbaycan-Pakistan strateji tərəfdaşlığı göstərilsə də, əslində iki ölkə arasındakı əməkdaşlıq heç vaxt Hindistan və ya başqa tərəflərə qarşı yönəlməyib:
“Azərbaycan bütün beynəlxalq platformalarda açıq şəkildə bəyan edib ki, Pakistanla əməkdaşlıq heç bir halda Hindistanı hədəf almır. Təəssüf ki, sülh müqaviləsinə bu qədər yaxın olduğumuz bir mərhələdə belə, Hindistan qeyri-adekvat mövqe sərgiləyərək Azərbaycanın təşkilata üzvlüyünü bloklayır”.
Politoloq hesab edir ki, yaxın perspektivdə Hindistan-Azərbaycan münasibətlərində dönüş nöqtəsi Hindistanın bu mövqeyindən imtina etməsi ola bilər:
“Əgər Hindistan regional əməkdaşlığı təşviq edəcək praqmatik addımlar atmasa, münasibətlərdə gərginliyin dərinləşməsi qaçılmaz olacaq. Xarici işlər nazirləri səviyyəsində aparılan məsləhətləşmələr isə vəziyyətin dəyişməsi ehtimalını qoruyur. Bu istiqamətdə atılacaq addımlar yalnız ikitərəfli münasibətləri yaxşılaşdırmayacaq, həm də Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verə bilər”.