“Özəl pensiya fondlarına cəmiyyətin tələbatı və sıxarışı hələ formalaşmayıb, buna görə də bu istiqamətdə qanunvericilik qəbul edilməyib”.
Bu fikirləri iqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu sahədə qanunun qəbul edilməsi böyük addım olsa da, prosesin işlək mexanizmə çevrilməsi üçün zaman lazımdır:
“Əgər bu qanun 2026-cı ildə qəbul edilsə, bu, böyük məsələdir. Lakin qanunvericilik təşəbbüsü parlamentdə qəbul olunur və xalqı təmsil edən deputatlar tərəfindən səs verilir. Görünür, hələ cəmiyyətdən bu sahəyə ciddi tələbat gəlmədiyinə görə təşəbbüslər ləngiyir”.
İqtisadçı qeyd edib ki, əsas məsələ cəmiyyətin özəl pensiya fondlarına etibar edib-etməməsi ilə bağlıdır:
“Bu sistem uzunmüddətli mexanizmdir. İnsanlar maaşlarından müəyyən hissəni bu fondlara yönəldəcəklər. Bu, dövlət tərəfindən verilən hədiyyə deyil, şəxsi vəsait hesabına formalaşan kapitaldır. Ona görə də insanlar sistemin şəffaflığına və etibarlılığına inanmalıdırlar”.
Kərimli hesab edir ki, qanun qəbul edildikdən sonra onun tətbiqi, işləkliyinin təmin olunması və vətəndaşlar arasında populyarlıq qazanması üçün maarifləndirmə işləri aparılmalıdır.