İqtisadiyyat lobya kimidir - Onu zorla dartıb uzaqmaq olmur.

İqtisadiyyat lobya kimidir - Onu zorla dartıb uzaqmaq olmur.
09:12

Rayonda anam lobya əkərdi. Lobya torpaqdan boy atanda dayaq olmadan təkbaşına hündürlüyə qalxa bilmirdi. Buna görə də atam, ya da mən onun yanında insan biləyi qalınlığında, 3–4 metr uzunluğunda ağac basdırardıq. Lobya da həmin dayağa sarılıb böyüyərdi.

Bunu News365.az-a müsahibəsində iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, məqsəd bitkinin inkişafına dəstək vermək idi:

“Lakin onun böyüməsi üçün tutub zorla dartanda, o qırılırdı. Dayaq basdırmayanda isə yüksələ bilməyib inkişafı zəifləyir və torpaqda çürüyürdü.

Bəzən küləkdə hansısa dayaq yıxılanda onu yenidən bərkidirdik ki, bitki yolunu davam etdirə bilsin.

Bəzən də kənarda olan ağacların budaqları lobyaların üstünə uzanıb ora kölgə salanda, onların böyüməsinə mane olurdu. Buna görə də lobyaya mane olan budağı kəsirdik.

Nəticədə bütün lobyalar öz dirəyi ilə inkişaf edirdi. Heç bir agaca imkan vermirdik ki, lobyaya kölgə salsın. Ən əsası lobyanı zorla yönləndirilməyə çalışmırdıq. Onları sərbəst buraxmışdıq. Bütün lobyalar üçün yaradılmış bərabər imkanlar şəraitində onlar günəş uğrunda öz gücünə rəqabət aparır, daha sağlam böyüyür və payızda bizə bol məhsul verirdilər.

Metafora bir az qəribə görünsə də, amma iqtisadiyyat elə bu lobya kimidir. Onu zorla dartıb uzaqmaq olmur. Buna cəhd edəndə o qırılır. Hamısı üçün bərabər imkanlar yaradılmayanda birinin kölgəsi digərini günəşsiz qoyub məhv edir.

Ya da onların üzərinə əyilən kənar ağacların budaqlarını vaxtında kəsməyəndə budaqlar onu böyüməyə qoymur. Onlara nə qədər su və gübrə verilsə də heç nəyin faydası olmur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada