“İşçilərin
şikayətləri ilə həm HR, həm də mühasiblər yəqin ki, tez-tez rastlaşırlar. Xüsusən də bayramların çox olduğu aylarda məzuniyyətə çıxan insanların gəlir
itkisi ilə bağlı narazılıqlar çox olur. Mövcud hesablanma qaydasının müsbət tərəfləri
olsa da, bayram çox olan aylarda real fərq yaradır və işçinin aldığı məbləğ
gözləniləndən xeyli aşağı olur”.
Bunu News365.az -a
müsahibəsində iqtisadçı Eldəniz Əmirov deyib. O deyib ki, məsələn, aylıq
əməkhaqqısı 1000 manat olan bir işçi 5 günlük məzuniyyətə çıxanda apreldə
təxminən 932 manat alırsa, mart ayında bu məbləğ 802 manata düşür:
“Çünki, mart ayında bayram günlərinin
sayı çoxdur. Bu vəsait fərqi insanların həmin
aylarda məzuniyyət götürmək istəməməsinə səbəb olur.
Bu məsələyə ona görə indi toxunuram
ki, hazırda Milli Məclisdə müvafiq qanunvericilik üzrə dəyişikliklər müzakirə
olunur. Hesab edirəm ki, bu mexanizmdə də kiçik düzəlişlər etməklə, həm işçilərin
gəlir itkisi aradan qalxar, həm də işəgötürən üçün planlaşdırma daha rahat
olar. Məsələn, bayram günləri çox olan aylarda məzuniyyət hesablanarkən vahid
orta göstəricinin tətbiqi və ya aylıq iş günlərinin fərqli olmasının
kompensasiya edilməsi kimi mexanizmlər nəzərdən keçirilə bilər. Ya da digər
mexanizmlər mümkündür”.
News365.az