Azərbaycan bu məsələdə niyə geri addım atdı? - TƏHLİL

Azərbaycan bu məsələdə niyə geri addım atdı? - TƏHLİL
09:47

Bir neçə gündür “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqlərini yüksəltməsi və daha sonradan geri götürməsi müzakirə obyektinə çevrilib.

Agentlik dekabrın 5-də ölkəmizin uzun və qısamüddətli xarici və yerli valyutada suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib və ölkə üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəldib.

Lakin bunun ardınca reytinqlər emitentin, yəni Azərbaycan tərəfinin müraciəti əsasında geri götürülüb.

Ölkə tərəfindən kredit reytinqinin azaldılması səbəbləri açıqlanmasa da, oxşar təcrübə beynəlxalq bazarlarda kifayət qədər rast gəlinən haldır.

Bununla yanaşı, beynəlxalq agentlik ölkənin proqnozun yaxşılaşdırılması barədə qərarını Azərbaycanla Ermənistan arasında gərginliyin azalması, davamlı deeskalasiya, sülh razılaşmasına doğru irəliləyiş və hər iki ölkədə 2026-cı il büdcəsində müdafiə xərclərinin azaldılması ilə bağlı gözləntilərlə əsaslandırıb. 

Məsələ ilə bağlı News365.az -a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, düzdür, bununla bağlı rəsmi açıqlama var:

Amma suallar yenə davam edir. Belə ki, bununla bağlı suallar yarandığı üçün Maliyyə Nazirliyi rəsmi qurum statusuna uyğun olaraq yetəri qədər peşəkar açıqlama verib. Açıqlamanın mətni geniş olduğu üçün jurnalistlər tərəfindən daha konkret izahı xahiş edilir.

Odur ki, bu açıqlamanın qısa formada izah belədir: Azərbaycan hökuməti beynəlxalq təcrübələrə uyğun olaraq iki reytinq agentliyi ilə ödənişli müqaviləyə malikdir. Bunlar Fitch Ratings və Moody’s Ratings-dir. Üçüncü olan S&P ilə isə əməkdaşlıq müqavilə çərçivəsindən çıxarılıb. Bu səbəbdən S&P tərəfindən verilmiş reytinq texniki səbəb əsasında emitentin müraciətinə uyğun olaraq, sistemdən götürülüb.

Bəs daha konkret hansı hallarda ölkələr öz reytinq göstəricilərinin çox yüksəlməsinin deyil, sabit qalmasının tərəfdarı olurlar?

Əvvəlcə nəzərə alaq ki, kredit reytinqi bir ölkənin borc öhdəliklərini yerinə yetirmə qabiliyyətini qiymətləndirən beynəlxalq ölçü vahididir. Məhz bu ölçü vahidi ölkəyə maraq göstərən investorların risk qavrayışını formalaşdırır. Yəni reytinqlər ölkənin maliyyə sabitliyini, borclanma səviyyəsini, xarici uçotlara davamlılığını, müəyyən göstəricilər əsasında bilavasitə beynəlxalq bazarlara siqnaldır.

Bir sözlə, reytinq nə qədər yüksəkdirsə, ölkə qlobal maliyyə bazarlarında etibarını artırır və daha sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilmə imkanlarına malik olur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin kredit reytinqi yüksək olduqda bunun müsbət təsiri daha ucuz borclanma imkanı yaradır, ölkə investorun etibarını qazanır, maliyyə sektorunda sabitlik güclənir, dövlət layihələrinin maliyyələşdirilməsi optimallaşır.

Müəyyən məqamlarda isə bunun mənfi tərəfləri də ola bilir. Odur ki, beynəlxalq təcrübədə reytinqin geri götürülməsi ilə bağlı hallar olub.

Bunun konkret səbəblərə gəlincə, adətən bir ölkənin borclanma ehtiyacının aşağı olması halında yüksək reytinqə ehtiyac duyulmaya bilir.

Məsələn, Azərbaycanın xarici borcu hazırda çox aşağıdır, valyuta ehtiyatlarımızın 1/17 hissəsinə bərabərdir. Belə bir şəraitdə kredit reytinqi ölkənin maliyyə bazarına çıxış üçün həyati (diqqət: həyati) əhəmiyyət daşımır.

Digər tərəfdən, reytinqin saxlanması xərclər və öhdəliklər tələb edir. Azərbaycan kimi ölkələrdə isə borclanmaya ehtiyacın minimum olması bu istiqamətdə xərci azaltmağı daha məqsədəuyğun edir.

Nəzərə alaq ki, "S&P" reytinqi artırarkən, səbəblərdən biri kimi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müsbət amil kimi qeyd edib. Bəzi hallarda bu məsələ dövlətlər üçün həssas mərhələdə kredit reytinqinin yüksəlməsinə kömək edir, amma bununla bərabər siyasi məqamları da ortaya çıxarır. Bunun yaranmaması üçün prosesin müvəqqəti dayandırılması, yaxud geri çevrilməsi nəzəri cəhətdən mümkündür.

Eyni zamanda strateji çevikliyi əldə saxlamaq üçün bəzi ölkələr reytinqin yaratdığı gözlənti çərçivəsindən çıxmağa çalışırlar. Fiskal siyasətdə daha sərbəst qərar vermək üçün kredit reytinqinin bir qədər geri götürülməsi daha məqsədəuyğun hesab edilir.

Ümumilikdə isə Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır.

News365.az 

 


Sizin reklam burada
Sizin reklam burada