“Uşaqların tələsik və sürətli şəkildə qidalanması, qidanın ağızda yetərincə çeynənməməsi qastrit və mədə-bağırsaq pozuntularına səbəb ola bilər".
Bunu tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O, Gəncədə məktəblilərin dönərdən zəhərlənməsi hadisəsi əsnasında yenidən gündəmə gəlmiş şagirdləin qidalanması mövzusunda narahatlıqlara rəyini bildirib.
Hazırda məktəblərdə tənəffüslərin cəmi 5 dəqiqə, böyük tənəffüsün isə 10 dəqiqə olması şagirdlərin yemək vaxtını minimuma endirir. Uşaqlar qısa müddətdə həm yemək tapmağa, həm növbəyə dayanmağa, həm də sürətlə qidalanmağa çalışırlar.
“Məncə, təhsil sahəsində beynəlxalq təcrübə mütləq nəzərə alınmalıdır, - deyə Adil Qeybulla qeyd edib. - Uşaqların dərs zamanı müəyyən fasiləyə ehtiyacı var. Bu, dərs yükünün və psixoloji gərginliyin bölünməsi üçün vacibdir.
Dünyanın bir çox ölkəsində dərs prosesi tamamilə başqa cür strukturlaşdırılır. Şagirdlərin qidalanması və istirahəti üçün normal vaxt ayrılmalıdır.
Bundan başqa, məktəblərimiz çox pis vəziyyətdir. Təhsil müəssisələrinin həyətində və ya onlara yaxın ərazilərdə müxtəlif kiosklar fəaliyyət göstərir. Bu kiosklarda energetik içkilər, “Fanta”, “Cola” və digər zərərli məhsullar satılır. Şagirdlər tənəffüs zamanı həmin içkiləri alıb içirlər”.
Adil Qeybulla müəllimlərin bu prosesdə mühüm rol oynadığını qeyd edib:
“Müəllimlər uşaqlara xəbərdarlıq etməli və onları maarifləndirməlidirlər. Çünki uşaqların diqqəti ən çox müəllimin üzərində olur və onlar müəllimin sözünə valideynlərinkindən daha artıq önəm verirlər. Ona görə də bu mövzuda müəllimlər fəal təbliğatçı rolunda çıxış etməlidirlər.
Böyüməkdə olan uşaq orqanizmini hər cür neqativ təsirlərdən və pis vərdişlərdən qorumaq üçün müəyyən tədbirlər mexanizminin yaradılması vacibdir. Məsələn, relaksasiya tədbirləri təşkil etmək, qısametrajlı maarifləndirici filmlər nümayiş etdirmək və uşaqlara bu məsələləri izah etmək mümkündür”.
Onun fikrincə, problem yalnız qidalanma ilə deyil, ümumi təhsil yanaşması ilə bağlıdır:
“Bu, təhsil prosesinin bir hissəsidir. Təhsil prosesi odur ki, biz uşağı necə böyüdürük, onun beynini hansı məlumatlarla zənginləşdiririk, onu sosial həyata necə inteqrasiya edirik və s. Bütün bu mərhələlər düzgün və məqsədyönlü şəkildə qurulmalıdır. Mən düşünürəm ki, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etsək, daha uğurlu nəticələr əldə edə bilərik.
Əlbəttə, bəzi sahələrdə formal olaraq islahatlar aparılsa da, təəssüf ki, yanaşmamız hələ də köhnə düşüncə tərzində qalır”.
Professor, həmçinin tələsik yeməyin şagirdlərdə mədə-bağırsaq problemlərinə gətirib çıxara biləcəyini qeyd edib:
“Uşaqların tələsik və sürətli şəkildə qidalanması, qidanın ağızda yetərincə çeynənməməsi qastrit və mədə-bağırsaq pozuntularına səbəb ola bilər. Uşaqlar qida qəbul edərkən tamamilə rahat və sakit olmalıdırlar. Bu isə vaxt tələb edir və həmin vaxt da yetərincə adekvat şəkildə ayrılmalıdır”. /// Yeni Sabah