BMT-nin 81-ci sessiyası başlayır: Dünya liderləri hansı məsələləri müzakirə edəcək?

BMT-nin 81-ci sessiyası başlayır: Dünya liderləri hansı məsələləri müzakirə edəcək?
10:50

Dünyanın müxtəlif bölgələrində müharibə və qarşıdurmaların davam etdiyi, beynəlxalq təhlükəsizlik arxitekturasının ciddi sınaqlarla üzləşdiyi bir vaxtda diqqətlər yenidən Nyu-Yorka yönəlib. Sentyabrın 22-dən etibarən BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində dünya liderləri bir araya gəlir.

Dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək ümumi debatlar sentyabrın 22-dən 26-dək, daha sonra isə sentyabrın 28-də davam edəcək. Təxminən 130 dövlət və hökumət başçısının yüksək səviyyəli həftədə şəxsən iştirakı gözlənilir.

Budəfəki sessiyanın əsas mövzusu “Etimadın bərpası, transformasiyanın idarə olunması: hamı üçün nəticə verən BMT” kimi müəyyənləşdirilib. Mövzunun seçilməsi təsadüfi deyil. Çünki BMT-nin 81-ci sessiyası Ukrayna müharibəsi, Yaxın Şərqdə qarşıdurmalar, İran ətrafında gərginlik və digər regional böhranların davam etdiyi bir dövrə təsadüf edir.

Mövzunu News365.az-a şərh edən politoloq Züriyyə Qarayeva bildirib ki, builki sessiya yalnız dövlət başçılarının çıxışları ilə deyil, həm də kuluar diplomatiyası və ikitərəfli görüşlərlə diqqət çəkəcək.


Onun sözlərinə görə, hazırda beynəlxalq münasibətlər sistemində etimad böhranının dərinləşməsi çoxtərəfli diplomatiyanın rolunu daha da aktuallaşdırır:

“BMT Baş Assambleyası qərarların məcburi icrasını təmin edən qurum olmasa da, dünyanın 193 dövlətini eyni siyasi platformada bir araya gətirən əsas beynəlxalq tribunadır. Buna görə də burada səsləndirilən mövqelər, xüsusilə böyük dövlətlərin mesajları qlobal siyasətdə müəyyən siyasi əhəmiyyət daşıyır”.

Politoloq hesab edir ki, yüksək səviyyəli həftənin əsas müzakirə mövzularından biri Yaxın Şərq və İran ətrafında yaranmış vəziyyət olacaq.

“İran və Yaxın Şərq məsələsi bu sessiyanın ən həssas istiqamətlərindən biridir. Tehranla Vaşinqton arasındakı münasibətlər, regiondakı təhlükəsizlik vəziyyəti və mümkün diplomatik təmaslar liderlərin görüşlərinin əsas mövzularından ola bilər. Nyu-Yorkda keçirilən görüşlərin əhəmiyyəti də məhz buradadır. Çünki bir sıra məsələlər yalnız açıq tribunada deyil, qapalı və ikitərəfli görüşlərdə müzakirə olunur”.

Züriyyə Qarayeva bildirib ki, Rusiya-Ukrayna müharibəsi də BMT Baş Assambleyasının gündəliyində xüsusi yer tutacaq.

“Ukrayna müharibəsinin davam etməsi BMT-nin münaqişələrin qarşısının alınması və həlli ilə bağlı imkanlarını yenidən gündəmə gətirir. Burada əsas problemlərdən biri Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı fikir ayrılıqları və veto mexanizmidir. Bu amil BMT-nin bir sıra böhranlarda daha çevik qərar qəbul etməsinə mane olan əsas məsələlərdən biri kimi müzakirə edilir”.

Politoloqun fikrincə, builki sessiyanın “etimadın bərpası” mövzusu da məhz bu reallıq fonunda xüsusi məna daşıyır.

“BMT-nin qarşısında əsas suallardan biri qlobal böhranlar fonunda çoxtərəfli sistemin nə dərəcədə effektiv qala bilməsidir. Böyük dövlətlər arasında rəqabətin artması və müxtəlif regionlarda münaqişələrin davam etməsi beynəlxalq təşkilatların imkanlarını məhdudlaşdırır. Bununla belə, 193 ölkənin eyni siyasi platformada iştirak etdiyi başqa universal qurum yoxdur”.

Gündəm yalnız müharibələrdən ibarət deyil

Züriyyə Qarayeva diqqətə çatdırıb ki, Baş Assambleyanın yüksək səviyyəli həftəsinin gündəliyi yalnız müharibə və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır.

Onun sözlərinə görə, iqlim dəyişikliyi, pandemiyalara hazırlıq, dəniz səviyyəsinin yüksəlməsi, nüvə silahlarının ləğvi, süni intellektin idarə olunması və Dayanıqlı İnkişaf Məqsədləri də müzakirələrin mühüm istiqamətlərindəndir.

“Sentyabrın 23-də iqlim fəaliyyəti və ədalətli keçidlə bağlı yüksək səviyyəli toplantı keçiriləcək. Sentyabrın 24-də dəniz səviyyəsinin yüksəlməsi, 25-də isə pandemiyalara hazırlıq məsələləri müzakirə olunacaq. Sentyabrın 28-də Durban Bəyannaməsinin qəbulunun 25 illiyi ilə bağlı toplantı, 29-da isə nüvə silahlarının tamamilə ləğvi məsələsinə həsr olunan yüksək səviyyəli iclas nəzərdə tutulub”.

Politoloq hesab edir ki, süni intellektin sürətli inkişafı da BMT-nin gündəliyində getdikcə daha çox yer tutur.

“Texnologiyanın sürətli inkişafı yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Süni intellektin idarə olunması, onun təhlükəsizlik, iqtisadiyyat və informasiya mühitinə təsiri gələcək illərdə beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilə bilər. Buna görə bu məsələ ilə bağlı beynəlxalq qaydaların formalaşdırılması istiqamətində müzakirələr də diqqət çəkir”.

Əsas diqqət qapalı görüşlərdə olacaq

Züriyyə Qarayeva vurğulayıb ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin nəticəsini yalnız tribunadan səslənən çıxışlarla qiymətləndirmək düzgün olmaz.

“Əsl diplomatik dinamika çox zaman liderlərin ikitərəfli və qapalı görüşlərində ortaya çıxır. İran, Ukrayna, Yaxın Şərq və digər regional böhranlarla bağlı mümkün diplomatik təşəbbüslərin hansı istiqamətdə inkişaf edəcəyi məhz bu görüşlərdən sonra daha aydın görünə bilər”.

Onun fikrincə, qarşıdakı günlərdə əsas məsələ dövlət başçılarının hansı mesajları verməsi ilə yanaşı, həmin mesajların real diplomatik addımlara çevrilib-çevrilməyəcəyidir.

Beləliklə, sentyabrın 22-dən Nyu-Yorkda başlayan yüksək səviyyəli həftə BMT-nin qlobal böhranlar qarşısında rolunun, çoxtərəfli diplomatiyanın imkanlarının və böyük dövlətlər arasında münasibətlərin yenidən müzakirə olunduğu əsas beynəlxalq platformalardan birinə çevrilir. Dünya liderlərinin çıxışları ilə yanaşı, kuluarlarda aparılacaq diplomatik təmaslar da sessiyanın əsas siyasi nəticələrini müəyyənləşdirə bilər.


Sizin reklam burada
Sizin reklam burada