ABŞ Prezidenti Donald Tramp siyasi rəqiblərinə növbəti mesajını bu dəfə sözlə deyil, maraqlı bir jestlə çatdırıb. Ağ Evin Oval Ofisində masasının üzərində görünən qırmızı papaq diqqət mərkəzinə düşüb.
News365.az “USA Today”ə istinadən xəbər verir ki, papağın üzərində iri ağ hərflərlə “VETO” sözü yazılıb. Bu detalın arxasında isə Trampın Demokratlara qarşı sərt siyasi mövqeyi dayanır.
Belə ki, ABŞ lideri daha əvvəl Demokratların Konqresdə irəli sürəcəyi qanun layihələrinə mane olacağını bəyan etmiş və özünü “Cənab Veto” adlandırmışdı. Oval Ofisdə nümayiş etdirilən papaq da həmin mövqeyin simvolik ifadəsi kimi diqqət çəkib.
Siyasi müşahidəçilərin fikrincə, qarşıdakı aylarda Ağ Ev və Konqres arasında qanunvericilik təşəbbüsləri ətrafında ciddi qarşıdurma yaşana bilər. Trampın veto mesajı isə Vaşinqtonda siyasi mübarizənin daha da kəskinləşəcəyinə işarə edir.
News365.az