Azərbaycanın Zəfər tarixi yalnız 44 günlük müharibənin nəticəsi ilə məhdudlaşmır. Bu qələbənin arxasında illərlə davam edən mübarizə, dövlət quruculuğu, güclü ordu və xalqın sarsılmaz iradəsi dayanır. 8 Noyabr isə bütün bu proseslərin tarixi nəticəsini təcəssüm etdirən, milli yaddaşımıza əbədi həkk olunan gündür.
News365.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Yusif Bağırzadə səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi Qələbə hərbi nailiyyətdən daha geniş məna daşıyır. Bu, eyni zamanda ölkənin siyasi iradəsinin, iqtisadi imkanlarının, diplomatik fəaliyyətinin və milli həmrəyliyinin nəticəsidir.
Politoloq bildirib ki, Qarabağ münaqişəsinin 1988-ci ildən başlayan tarixi Azərbaycan xalqı üçün ağır itkilər və faciələrlə yadda qalıb. İşğal nəticəsində yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, yaşayış məntəqələri dağıdılıb, tarixi və mədəni irsimizə ciddi zərər vurulub. Uzun illər davam edən beynəlxalq danışıqların nəticəsiz qalması isə Azərbaycanın öz torpaqlarını azad etmək istiqamətində qətiyyətini daha da artırıb.
Y.Bağırzadənin fikrincə, münaqişənin həlli üçün ölkənin hərbi, iqtisadi və diplomatik potensialının gücləndirilməsi əsas prioritetlərdən birinə çevrilmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində müasir ordu quruculuğu sürətləndirildi, müdafiə sənayesi inkişaf etdirildi və Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndirildi.
Politoloq xatırladıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. 44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad etdi.
Onun sözlərinə görə, noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişində həlledici rol oynadı. Bu hadisə həm hərbi baxımdan mühüm üstünlük yaratdı, həm də Azərbaycanın milli iradəsinin və dövlət gücünün nümayişinə çevrildi.
Yusif Bağırzadə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın əhəmiyyətinə də toxunub. O bildirib ki, sənədə əsasən hərbi əməliyyatlar dayandırılıb, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Bununla da ölkəmiz ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələni geridə qoyub.
Politoloq: Zəfər Günü milli qürurun və tarixi ədalətin rəmzidir
Politoloq qeyd edib ki, Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərdə bərpası istiqamətində növbəti mühüm mərhələ 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri olub.
Onun sözlərinə görə, həmin tədbirlərdən sonra Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində təmin edilib. Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltması isə dövlətçilik tariximizin əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi də bu tarixi mərhələnin əhəmiyyətini göstərir.
Y.Bağırzadə vurğulayıb ki, qazanılan Zəfərin nəticələri bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində də özünü göstərir. Böyük Qayıdış proqramı çərçivəsində yeni yaşayış məntəqələri salınır, avtomobil yolları və tunellər çəkilir, hava limanları, təhsil və səhiyyə müəssisələri inşa olunur.
Politoloq hesab edir ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Zəfərin ən mühüm nəticələrindən biridir. Bu proses yalnız infrastrukturun yenilənməsi deyil, uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma evlərinə qovuşması deməkdir.
Sonda 8 Noyabrın daşıdığı əsas mesaja diqqət çəkən Yusif Bağırzadə bildirib ki, bu tarix milli birlik, güclü dövlətçilik və siyasi qətiyyətin ən çətin sınaqlardan belə qalib çıxmağa imkan verdiyini nümayiş etdirir.