Adının qısaldılmış forması TANAP olan bu boru kəməri Türkiyənin şərq və qərb sərhədlərini birləşdirən CQD-nin ən uzun kəməridir.
TANAP layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzər dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəqlini nəzərdə tutan layihədir. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və TAP adlandırılan Trans-Adriatik Boru Kəməri ilə birlikdə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan üçüncü layihədir.
Tarixi
TANAP layihəsinin konsepsiyası yeni minilliyin başlanğıcından mövcud olsa da, onun rəsmi elan edilməsi 17 noyabr 2011-ci il tarixinə təsadüf etmişdir. Belə ki, həmin tarixdə İstanbulda keçirilən Üçüncü Qara Dəniz Enerji və İqtisadi Forumu çərçivəsində bu layihə bütün iştirakçılara elan edilmişdir. Müəyyən hazırlıq işlərinin əvvəlcədən aparılması cəmi bir ay sonra Türkiyə və Azərbaycanın bu boru kəmərinin tikintisi və istismarı üçün konsorsium yaradılmasına dair anlaşma memorandumu imzalanmasına imkan verdi.
Layihəyə dair texniki-iqtisadi əsaslandırmanın aparılması prosesinə növbəti ilin – 2012-ci ilin yazında başlanıldı. Həmin ilin yayında isə hər iki ölkə rəhbəri tərəfindən boru kəməri ilə bağlı hökumətlərarası saziş imzalandı.
2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə kəmərin təməlqoyma mərasimi keçirildi.
Təxminən üç ildən sonra – 2018-ci il iyunun 12-də Əskişəhərdəki kompressor-ölçü stansiyasında TANAP-ın açılışı oldu. Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ukraynanın Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç və Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak etdilər.
Kəmər 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını Türkiyə–Yunanıstan sərhədində Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirildi.
30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi.
Coğrafiyası
Uzunluğu 1850 km olan TANAP Türkiyənin Gürcüstan sərhədində CQBK sisteminə birləşərək Ərdəhanın Bosof bölgəsindəki Türkgözü kəndindən başlayaraq Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla, 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsinə qədər uzanır və orada başa çatır.
Bu isə yeni bir kəmərin başlanğıcı olur. Belə ki, TANAP “Şahdəniz-2” yatağından və Xəzər dənizinin digər sahələrindən hasil edilən təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşir.
Boru kəmərinin dəniz səviyyəsindən olan maksimum hündürlüyü 2700 m yüksəklikdə yerləşir.
Texniki-iqtisadi göstəriciləri
TANAP-ın ilkin ötürmə gücü illik 16.2 mlrd. kubmetr olaraq layihələndirilmişdir. Lakin onun perspektivdə illik 30.7 mlrd. kubmetrə kimi artırılması imkanı vardır.
Boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə diametri 36 düym təşkil edir.
TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılmışdır. Kəmərin infrastukturuna 7 Əsas kompressor stansiyası və Əskişəhərə ayrılan qol üçün nəzərdə tutulmuş 1 Kompressor stansiyası, 12 Təmizləyici tərtibatın buraxılma kamerası, 12 Təmizləyici tərtibatın qəbulu kamerası, 49 Bağlayıcı armatur stansiyası, 4 Qaz sərfini ölçmə stansiyası daxildir.
TANAP-ın səhmdarları arasında pay bölgüsü CQD 51 %, BOTAŞ 30%, BP 12%, STEAŞ 7% olaraq qərarlaşmışdır.
Qeyd: Pay bölgüsü 01.01.2024-cü il üzrə olan göstəricidir. Tərəfdaşların və payların dəyişmə ehtimalı hər zaman vardır.
TANAP-ın gələcəyi CQBK kimi təchizat imkanlarından və tələb amilindən birbaşa asılı olduğu üçün perspektiv baxımından ilk növbədə CQBK ilə oxşarlığa malikdir.
Lakin bu kəmərin yalnız Türkiyənin sərhədləri daxilində yerləşməsi və rəsmi Ankaranın qaz habı yaratmaqla bağlı olan ciddi planlarını nəzərə alsaq, onun daha geniş perspektivə malik olduğu aydın görünər.
“Türk Axını”na həsr edilmiş mövzuda Türkiyənin qaz qovşağı (hab) yaratmaq niyyətləri haqqında geniş şəkildə məlumatlar və təhlillər verilmişdir. Orada qeyd edilən təhlillər, eyni zamanda, birbaşa TANAP-ın perspektivləri ilə də sıx bağlı olduğu üçün bütün bunlar haqqında həmin mövzuda tanış olmaq mümkündür.
Eldəniz Əmirov, iqtisadçı