Beyləqanda rus bölməsi ətrafında qalmaqal böyüyür: Rəsmilərsə susur

Beyləqanda rus bölməsi ətrafında qalmaqal böyüyür: Rəsmilərsə susur
14:59

 

Beyləqan şəhəri Ramiz Abbasov adına 4 nömrəli tam orta məktəbdə rus bölməsinin gələcəyi ilə bağlı yaranmış qalmaqal yeni mərhələyə qədəm qoyub. Bir neçə gün əvvəl rus bölməsi üzrə birinci sinfin açılmaması ilə bağlı ictimaiyyətə təqdim olunan faktlar ciddi rezonans doğursa da, indiyədək Elm və Təhsil Nazirliyindən məsələyə hər hansı rəsmi və əhatəli münasibət bildirilməyib.

Əksinə, valideynlərin sözlərinə görə, vəziyyət daha da müəmmalı xarakter almağa başlayıb.

Məktəbdə rus bölməsinə qəbul olunmuş 14 uşağın olmasına baxmayaraq, elektron sistemdə həmin bölmə üzrə şagird sayı "0" göstərilir. Nəticədə valideynlər sistem üzərindən müəllim seçimi edə bilmirlər. Bu isə yeni və daha ciddi suallar yaradır:

 - Əgər rus bölməsinə qəbul olunmuş uşaqlar varsa, onların sayı niyə sistemdə görünmür?

 - Əgər rus bölməsi açılmayacaqsa, niyə qəbul prosesi aparılıb?

 - Əgər qərar verilibsə, bu qərarın hüquqi əsası haradadır?

 - Əgər qərar verilməyibsə, onda sistemdəki bu məhdudiyyətləri kim tətbiq edib?

Nazirlikdən rayona, rayondan idarəyə, idarədən yenidən geriyə...

Valideynlərin bildirdiyinə görə, onlar məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin qaynar xəttinə müraciət ediblər.Nazirlik onları Mil-Muğan Regional Təhsil İdarəsinə yönləndirib. Regional Təhsil İdarəsi isə öz növbəsində Beyləqan Rayon Təhsil Sektoruna müraciət etməyi tövsiyə edib.

Beləliklə, valideynlər günlərlə eyni sualın cavabını axtarsalar da, heç bir qurum məsuliyyəti üzərinə götürmür. Bu vəziyyət artıq sadəcə təhsil məsələsi deyil. Bu, dövlət idarəçiliyində şəffaflıq və vətəndaşa münasibət məsələsinə çevrilib. 

Valideynlər haqlı olaraq soruşurlar:

 - Əgər sistem Nazirlik tərəfindən idarə olunursa, niyə heç kim baş verənlərin səbəbini izah etmir?

 - Əgər texniki problem varsa, niyə aradan qaldırılmır?

 - Əgər inzibati qərardırsa, niyə ictimaiyyətə açıq şəkildə məlumat verilmir?

Qanun nə deyir?

 Maraqlıdır ki, son günlərdə təhsil ekspertləri tərəfindən də geniş müzakirə olunan bir məqam ortaya çıxıb.

Ümumtəhsil Müəssisəsinin Nümunəvi Nizamnaməsinə əsasən, ümumtəhsil məktəblərində sinifdə şagird sayı normal halda 20 nəfərdən az olmamalıdır. Lakin eyni sənəddə çox mühüm bir müddəa da yer alır: "Zəruri hallarda bir sinifdə şagird sayı 20-yə çatmadıqda, mövcud sayla sinif təşkil olunmasına icazə verilir."

Bu norma açıq şəkildə göstərir ki, 20 nəfərlik hədd mütləq və dəyişməz tələb deyil.

Başqa sözlə, zərurət yarandıqda 14, 15 və ya 16 nəfərlə də sinif yaradılması mümkündür.

Elə isə Beyləqanda bu imkan niyə tətbiq olunmur?

Daha da maraqlısı budur ki, valideynlərin sözlərinə görə, ötən tədris ilində rus bölməsinin birinci sinfi 16 şagirdlə fəaliyyətə başlayıb.

Əgər ötən il bu mümkün idisə, bu il niyə mümkün deyil? Bu suala hələ də cavab verən yoxdur.

 Təhsil keyfiyyəti üçün azsaylı siniflər üstünlük deyilmi?

İllərdir təhsil ekspertləri və müəllimlər interaktiv təlim metodlarının tətbiqi zamanı sinifdə şagird sayının mühüm rol oynadığını bildirirlər.

Bir çox müəllimlər dəfələrlə qeyd ediblər ki, 30-35 nəfərlik siniflərdə hər bir uşağa fərdi yanaşmaq demək olar ki, mümkün deyil.

 Azsaylı siniflər isə:

 - fərdi yanaşmanı artırır;

- müəllim-şagird əlaqəsini gücləndirir;

- öyrənmə nəticələrini yaxşılaşdırır;

- adaptasiya prosesini asanlaşdırır.

 Belə olan halda 14 nəfərlik sinif təhsilin keyfiyyəti baxımından problem deyil, əksinə üstünlük kimi qiymətləndirilə bilər.

 Əgər siyasi qərardırsa, niyə açıq elan edilmir?

 Valideynlər arasında ən çox müzakirə olunan məsələlərdən biri də budur.

Əgər rus bölmələrinin sayının azaldılması ilə bağlı dövlət səviyyəsində yeni siyasət formalaşıbsa, bu barədə cəmiyyətə açıq məlumat verilməlidir.

Valideynlər qərarın özü ilə razılaşmaya bilərlər. Amma ən azından onun mövcud olduğunu bilməlidirlər.

Lakin hazırkı vəziyyətdə qərar da yoxdur, izahat da yoxdur, məsul şəxs də yoxdur. Bir tərəfdən valideynlərə təhsil dilini seçmək hüququ verildiyi bildirilir. Digər tərəfdən isə həmin seçimin reallaşdırılması üçün istifadə olunan elektron sistemdə naməlum məhdudiyyətlərin meydana çıxdığı iddia edilir. Bu isə istər-istəməz etimad böhranı yaradır.

 Demoqrafik reallıq dəyişib, normativlər isə dəyişməyib

 Valideynlərin diqqət çəkdiyi digər mühüm məqam demoqrafik vəziyyətlə bağlıdır. 30-40 il əvvəl Azərbaycanda hər il 160-170 min uşaq dünyaya gəlirdi. Bu gün isə ölkədə illik doğum sayı təxminən iki dəfə azalıb. Belə bir şəraitdə onilliklər əvvəl formalaşdırılmış yanaşmaların yenidən qiymətləndirilməsi zərurəti ortaya çıxır.

Əgər ölkənin bir çox bölgələrində şagird sayı azalırsa, təhsil siyasəti də yeni reallıqlara uyğunlaşmalıdır. Əks halda, normativlər real vəziyyətə deyil, kağız üzərində qalmış göstəricilərə xidmət etmiş olacaq.

 Valideynlər növbəti addımlara hazırlaşırlar

 Məlumata görə, artıq bir sıra valideynlər məsələ ilə bağlı hüquqi prosedurlara başlamağı nəzərdən keçirirlər. Onlar aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər göndərməklə yanaşı, hüquqi qiymətləndirmə aparılması üçün müvafiq instansiyalara da müraciət etməyə hazırlaşırlar.

Valideynlərin əsas tələbi sadədir. Onlar rus bölməsinin mütləq açılmasını deyil, qəbul edilmiş qərarın hüquqi əsaslarının ictimaiyyətə şəffaf şəkildə izah olunmasını istəyirlər.

 

Cavab gözləyən əsas suallar

Bu gün Beyləqan ictimaiyyətini narahat edən əsas suallar bunlardır:

 - Rus bölməsinə qəbul olunmuş 14 şagird niyə sistemdə görünmür?

- Elektron sistemdə həmin uşaqların sayını kim və hansı əsasla sıfırlayıb?

- Mövcud normativlər 14 nəfərlə sinif açılmasına imkan verirsə, niyə bundan istifadə edilmir?

- Ötən il analoji sayla sinif açıldığı halda bu il fərqli qərar niyə verilib?

- Valideynlərin təhsil dili seçimi hüququ hansı əsasla məhdudlaşdırılır?

- Bu məsələyə görə məsuliyyət daşıyan qurum hansıdır?

Elm və Təhsil Nazirliyi susduqca bu sualların sayı artır. Beyləqandakı problem artıq bir məktəbin, bir müəllimin və ya 14 uşağın problemi olmaqdan çıxıb.

Akif Nəsirli, Liberal İqtisadçılar Mərkəzinin sədri


Sizin reklam burada
Sizin reklam burada