Tanınmış jurnalist Günel Musa Daxili İşlər Nazirliyinə müraciət edib.
News365.az xəbər verir ki, müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Prezidentinə, Daxili İşlər Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət
Son dövrlər sosial şəbəkələrdə məcburi köçkünlərin təhqir olunması, onlara qarşı nifrət və ayrı-seçkilik yaradan paylaşımların artması ciddi narahatlıq doğurur. Təəssüf ki, bəzi şəxslər jurnalist adı altında cəmiyyətdə qarşıdurma yaratmağa çalışır, yerli əhali ilə məcburi köçkünləri üz-üzə qoyan çıxışlar edir və bununla da cəmiyyətin birliyinə zərbə vururlar. Onların təsiri altında bəzi sosial şəbəkə istifadəçiləri də məcburi köçkünləri açıq şəkildə təhqir edir, alçaldır və düşmənçilik yaradan ifadələr işlədirlər.
Bu cür davranışlar təkcə ayrı-ayrı insanları deyil, bütövlükdə ölkənin daxili həmrəyliyini zəiflədir. Cəmiyyətin parçalanması isə heç kimin maraqlarına xidmət etmir və bundan yalnız Azərbaycanın düşmənləri faydalana bilər.
Hörmətli dövlət rəhbərliyindən və hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, milli həmrəyliyi pozmağa çalışan, insanlar arasında nifrət yayan, məcburi köçkünləri təhqir edən şəxslərin əməllərinə hüquqi qiymət verilsin və qanunvericiliyə uyğun tədbirlər görülsün.
Yerli əhali ilə məcburi köçkünlər arasında yarana biləcək bütün məsələlər yalnız qanun və hüquq çərçivəsində həll edilməlidir.
Azərbaycan xalqını qarşı-qarşıya qoymaq heç kimə başucalığı gətirməz. Bütün dünya və qonşu dövlətlər ölkəmizdə baş verənləri izləyir. Biz birlik və həmrəylik nümayiş etdirməliyik.
Unutmayaq ki, Vətən uğrunda şəhid verməyə gəlincə, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, onun övladları bu torpaq uğrunda canından keçməsin. Ağdam da, Füzuli də, Laçın da, Kəlbəcər də, Gəncə də, Bərdə də, Şəki də, Lənkəran da və digər bütün bölgələrimiz yüzlərlə şəhid verib. Bu Vətən hamımızındır və onun müdafiəsində bütün Azərbaycan xalqı çiyin-çiyinə dayanıb.
Xahiş edirəm ki, cəmiyyətdə nifrət və qarşıdurma yaradan halların qarşısının alınması üçün qanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlər görülsün”.