"Putinin sarayı" yaxınlığında PUA qəzaya uğradı: 4 nəfər öldü

"Putinin sarayı" yaxınlığında PUA qəzaya uğradı: 4 nəfər öldü
16:27

Rusiyanın Krasnodar diyarında, Gelencik yaxınlığında pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.

News365.az bildirir ki, hadisə Arxipo-Osipovka kəndində, "Putinin sarayı" kimi tanınan iqamətgahdan təxminən 20 kilometr aralıda baş verib.

Hərbi ekspertlərin məlumatına və hadisə yerindən yayılan videogörüntülərə görə, pilotsuz aparat qanadlı raketlər hazırlayan müdafiə sənayesi müəssisəsi – "NPO Maşinostroyeniya"nın istirahət bazası istiqamətində uçurmuş.

Bildirilir ki, PUA mobil atəş qrupu tərəfindən vurulduqdan sonra idarəetməni itirərək "Rassvet" istirahət bazasının çimərliyinə düşüb. Həmin vaxt çimərlikdə istirahət edən insanlar olub və partlayış nəticəsində dörd nəfər həyatını itirib, on nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yerli sakinlərin sözlərinə görə, pilotsuz aparatın düşməsindən əvvəl hava həyəcanı siqnalları verilməyib.

Qeyd edək ki, "Putinin sarayı" adlandırılan kompleks Qara dəniz sahilində, Gelencikdən təxminən 20 kilometr məsafədə yerləşir. Sahəsi 17,7 min kvadratmetr olan iqamətgahın üzərində uçuşa qadağan olunmuş zona yaradılıb.

Rusiya müxalifətçisi Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondu (FBK) tərəfindən aparılmış araşdırmada iddia olunurdu ki, kompleksin tikintisinə azı 100 milyard rubl xərclənib. Həmin araşdırmaya əsasən, iqamətgahın ətrafındakı təxminən 7 min hektar ərazi Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətindədir və bina Rusiyanın ən böyük şəxsi yaşayış evi hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada