Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayıb.
News365.az xəbər verir ki, ixtisas seçimi avqustun 3-dən 9-dək saat 23:59-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edərək təsdiqləməlidirlər.
İxtisas seçiminə qəbul imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən, riyaziyyat fənni üzrə isə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək üçün isə ümumi balın ən azı 50 olması kifayətdir. Bu halda fənlər üzrə minimum bal tələbi tətbiq edilmir. Lakin abituriyent müvafiq qabiliyyət imtahanından "məqbul" qiyməti almalıdır.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla təklif olunan ixtisasları nəzərə almaqla maksimum 12 ixtisas kodu seçə bilər. İxtisasların ardıcıllığını abituriyent özü müəyyən edir və yerləşdirmə bu ardıcıllıq əsasında həyata keçirilir. Abituriyent müsabiqədən keçdiyi ilk ixtisasa qəbul olunur.
2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc edilib.
Qeyd edək ki, bu il kolleclərə qəbul üçün 6210 plan yeri ayrılıb. Ötən il bu göstərici 8144 olub. Cari ildə 24 545 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçimi hüququ qazanıb. Ötən il isə bu rəqəm 24 059 nəfər təşkil edib.
DİM bildirir ki, ötən ildə olduğu kimi, bu il də müsabiqə şərtini ödəyən, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlər avqustun 3-dən 9-dək qeydiyyatdan keçərək ixtisas seçimində iştirak edə bilərlər. Bu səbəbdən ixtisas seçiminə qatılanların sayının artacağı gözlənilir.
İxtisas seçimi ilə bağlı abituriyentlər DİM-in "Abituriyent Məsləhət Mərkəzləri"nə də müraciət edə bilərlər. Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və DİM-in regional bölmələrində fəaliyyət göstərən mərkəzlərdə onlara ödənişsiz dəstək göstərilir.