Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü

Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
10:28

Yeni təmayül tədris modeli tətbiq edilən ümumtəhsil müəssisələrində işləmək istəyən müəllimlər üçün müsahibə mərhələsi start götürür.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsasən, həmin məktəblərə müəllimlərin işə qəbulu üzrə müsahibələrə avqustun 3-dən başlanılıb.

İlkin mərhələdə buraxılış fənləri - Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil üzrə müəllimlərin müsahibədən keçirilməsi nəzərdə tutulur.

Müsahibədə uğur qazanan namizədlərə nəticə barədə SMS vasitəsilə məlumat veriləcək.

BŞTİ-dən bildirilib ki, şagirdlərin qəbulu elektron sistem üzərindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Qeydiyyatdan keçən şagirdlərin siyahısı, buraxılış imtahanlarının nəticələri və digər zəruri məlumatlar məktəblərə təqdim olunur. Daha sonra məktəblər valideyn və şagirdləri dəvət edərək qəbul prosesini rəsmiləşdirirlər.

Yeni təmayül tədris modeli tətbiq olunan məktəblərə şagird qəbulu isə sentyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, yeni model tam orta təhsil pilləsində məktəblərin akademik imkanlarının artırılmasına və şagirdlərin ali təhsilə hazırlığının daha səmərəli təşkilinə yönəlib. Məqsəd şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac olmadan məktəbdə yaradılan gücləndirilmiş tədris mühiti vasitəsilə ali məktəbə qəbul üçün zəruri bilik və bacarıqları əldə etməsidir.

Model çərçivəsində tədris seçilən təmayül istiqamətlərinə uyğun qurulacaq, şagirdlərin gələcək ixtisas seçiminə uyğun fənlər üzrə hazırlığına xüsusi diqqət yetiriləcək.

Yeni sistemdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün peşəkar və təcrübəli müəllimlərin cəlb olunması nəzərdə tutulur. Seçim zamanı müəllimlərin peşəkarlığı, pedaqoji fəaliyyəti və tədris göstəriciləri əsas meyar kimi qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada