Yazıçı Həmid Herisçi ilə Milli Məclisin deputatı Fazil Mustafa arasında "Təbriz" və "Bütöv Azərbaycan" ideologiyası ətrafında polemika yaşanır. H. Herisçinin F. Mustafanı "antitəbriz təbliğatı aparmaqda" ittiham etməsindən sonra millət vəkili sosial şəbəkə hesabında geniş cavab yazısı yayımlayıb.
News365.az-ın məlumatına görə, deputat Fazil Mustafa yazıçı Həmid Herisçinin ittihamlarına cavab verərək, öz milli dövlətinin maraqlarını güzəştsiz şəkildə qorumaq haqqını heç kimə təslim etməyəcəyini vurğulayıb:
"Həmid Herisçi mənim hansısa görüşü irəli sürməyimə görə qadağa tələb edir. İstedadlı yazar kimi tanıdığım bu şəxs illərdir efir məkanından cəhalətin və xurafatın əsas təbliğatçılarındandır. İstər komitə sədri, istər partiya sədri, istərsə də sadə bir vətəndaş kimi varlığı üçün canımı və ağlımı əsirgəmədiyim milli dövlətimin maraqlarını qorumaq haqqımı hansısa başıpozuq qüvvələrə təslim etməyəcəyəm."
"Təbrizin Azərbaycan Respublikasına mənsub olması iddiası İran dövlətinin siyasi ərazisinin bir hissəsinin qoparılması deməkdir. O halda necə olur ki, İran dövlətinin baxış bucağından bölücülüyə çağırış edən şəxs SEPAH-ın, BƏSİC-in gözü önündə ABŞ-ın hücumunun ən qızğın vaxtında İran kimi teokratik bir ölkədə sərbəst dolaşaraq günlərlə reportajlar verə bilirdi? Kim ki burada İran xurmasının iyini alır, gedib orada bu xurmadan dadır, gəlib burada Səfəvi nağıllarını, həsrət ədəbiyyatını duyğularımıza üfləyir."
"İranda, Gürcüstanın Borçalı bölgəsində, İraqın Kərkükündə, Çinin Uyğur bölgəsində soydaşlarımız var. Lakin bunların Azərbaycan Respublikası ilə vətəndaşlıq məsuliyyəti baxımından nə bağlılığı var? Onlar həmin dövlətlərin vətəndaşlarıdır. O halda 'Urumçisiz Azərbaycan olamaz!', 'Kərküksüz Azərbaycan olamaz' niyə deyilmir? Bizim əsas vəzifəmiz bu burulğanlı çağda orqanizmini separatçılıqdan yeni xilas etmiş Azərbaycan Respublikasının təhlükəsizliyini qorumaqdır. Biz öz ölkəmizdə bölücülüyə qarşı olduğumuz kimi, başqa ölkələrdə də bölücülüyə qarşı siyasət izləməyə məhkumuq."
Deputat Azərbaycanda "bütövçülər" siyasi termini ilə tanınanları iki qrupa bölüb:
Səmimi millətçilər: İran dövlətinə nifrət edən, fars şovinizmindən konuşan, xalq hərəkatı romantizmindən qaynaqlanan ənənəvi şüarları əzbərləmiş səmimi şəxslər.
Xüsusi şəbəkə: İranın maraqlarına xidmət etdiyini pərdələmək üçün Səfəvilik, Bütöv Azərbaycançılıq və Təbriz nağılları üzərindən canfəşanlıq edənlər.
Yazısının sonunda Məhəmməd Əmin Rəsulzadə irsinə və 1918-ci ilin tarixi reallıqlarına istinad edən millət vəkili, Bakının azad olunması prosesində Təbriz mərkəzli bəzi siyasi xadimlərin mövqeyini xatırladıb və M.Ə.Rəsulzadənin dünyəvi, müstəqil Azərbaycan dövlətçiliyi xəttini müdafiə etdiyini diqqətə çatdırıb.