Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər
17:20

Doqquzillik baza üzrə kolleclərə qəbul olan subbakalavrlar universitetlərə imtahansız qəbul zamanı bəzi ixtisaslar üzrə məhdudiyyətlərlə üzləşə bilərlər. Bu səbəbdən ixtisas seçimi zamanı yalnız kollecə qəbul deyil, gələcəkdə universitetə keçid imkanları da nəzərə alınmalıdır.

Bu barədə təhsil sahələri üzrə tədqiqatçı, AzEdu.az təhsil portalının direktoru Elmin Nuri danışıb.

Ekspert bildirib ki, subbakalavrların ali təhsil müəssisələrinə müsabiqəsiz qəbulu zamanı ən ciddi məhdudiyyət tibb istiqamətində tətbiq olunur:

"Hamıya məlumdur ki, 11 illik baza üzrə tibb kolleclərində təhsil alan şəxslər sonradan analoji ixtisas üzrə universitetlərə subbakalavr kimi qəbul ola bilmirlər. Mən hesab edirəm ki, bu qaydanın tətbiqi düzgün yanaşmadır."

Onun sözlərinə görə, tibb ixtisasları doqquzillik baza üzrə olmadığı üçün bu kateqoriyaya aid abituriyentlərin diqqət yetirməli olduğu əsas sahələr kompüter yönümlü ixtisaslardır:

"Doqquzillik baza üzrə 'Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı', eləcə də 'Kompüter qurğularının təmiri və servisi' ixtisaslarını seçən şəxslər həmin diplom əsasında eyni istiqamət üzrə universitetlərə subbakalavr kimi müraciət edə bilmirlər. Bu məhdudiyyət 11 illik baza üzrə təhsil alanlara şamil edilmir."

Elmin Nuri bildirib ki, sosial iş ixtisası ilə bağlı da oxşar məhdudiyyətlərin olduğu barədə məlumatlar səsləndirilir. Lakin bunun hüquqi əsasları barədə dəqiq məlumata malik olmadığını qeyd edib.

"Bir çoxları sosial iş ixtisası üzrə də müəyyən məhdudiyyətlərin tətbiq olunduğunu deyirlər. Amma bunun nə dərəcədə rəsmi olduğunu deyə bilmərəm. Açığı, bu məsələ mənə də tam aydın deyil. Çünki ali təhsil müəssisələrinin əksəriyyətində sosial iş ixtisası tədris olunur və kifayət qədər plan yeri ayrılır. Bu baxımdan doqquzillik baza üzrə məhdudiyyətin səbəbi mənə anlaşılmaz görünür."

Ekspert hesab edir ki, belə hallarla qarşılaşmamaq üçün abituriyentlər və valideynlər hər il Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi subbakalavrların uyğunluq cədvəlini mütləq əvvəlcədən öyrənməlidirlər.

"Həmin cədvəldə kollecdə oxunan ixtisasın universitetdə hansı ixtisasa uyğun gəldiyi, hansı şərtlərin tətbiq olunduğu, hansı ÜOMG tələb olunduğu və digər vacib məlumatlar yer alır. Kollecdə oxuyan və gələcəkdə universitetə keçməyi planlaşdıran hər bir tələbə bu vəsaiti masaüstü kitabına çevirməlidir. Ən azı onun PDF variantı telefonunda və ya kompüterində olmalıdır."

Elmin Nuri vurğulayıb ki, kollec seçimi edən abituriyentlər yalnız bugünkü qəbul imkanlarını deyil, dörd il sonrakı ali təhsil perspektivlərini də nəzərə almalıdırlar:

"Kolleci universitetə keçid üçün bir tramplin kimi görən hər kəs ilk növbədə uyğunluq cədvəlini araşdırmalıdır. Ən böyük tövsiyəm də məhz budur. Çünki gələcəkdə yaranacaq bir çox sualın cavabı həmin cədvəldə əks olunub"./// modern


Sizin reklam burada
Sizin reklam burada