Kartdan-karta pul köçürmələrinə aylıq limitlərin tətbiqi vergidən yayınma hallarının qarşısının alınması, maliyyə əməliyyatlarında şəffaflığın artırılması və kibercinayətlərin yaratdığı risklərin azaldılması məqsədi daşıyır. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov News365.az-a açıqlamasında səsləndirib.
Deputat bildirib ki, son illər bəzi sahibkarlar məhsul və xidmətlərə görə ödənişləri kartdan-karta köçürmə yolu ilə qəbul edir, bu isə həmin əməliyyatların vergiyə cəlb edilməsində çətinliklər yaradır.
“Kart üzrə ödənişlərin məhdudlaşdırılması və aylıq həcminin limitləşdirilməsi bir tərəfdən vergidən yayınmaların qarşısının alınmasına, digər tərəfdən isə maliyyə əməliyyatlarında şəffaflığın gücləndirilməsinə xidmət edir. Eyni zamanda bu addım haker hücumları nəticəsində kartlardan vəsait oğurlanması hallarının minimuma endirilməsi məqsədi daşıyır. Bir sıra hallarda sahibkarlar məhsul və xidmətlər üzrə ödənişləri kartdan-karta köçürmə ilə qəbul edirdilər ki, bu da həmin əməliyyatların vergiyə cəlb olunmasını çətinləşdirirdi.”
Vüqar Bayramovun sözlərinə görə, yeni mexanizmdə bəzi istisnaların nəzərə alınması vacibdir.
“Bizim də təklif etdiyimiz kimi, yaxın qohumlar arasında həyata keçirilən kartdan-karta köçürmələrə limit tətbiq olunması məqsədəuyğun deyil. Bu cür məhdudiyyətlər vətəndaşların gündəlik maliyyə əməliyyatlarına əlavə çətinlik yarada bilər. Bu baxımdan, yaxın qohumlar arasında köçürmələr üçün istisnaların müəyyənləşdirilməsi vacibdir.”
Deputat qeyd edib ki, zəruri hallarda və müvafiq sənədlər təqdim edildikdə banklar tərəfindən limitlərlə bağlı məsələlərə fərdi qaydada baxılması mümkündür.
“Limitlərin tətbiqində əsas məqsəd vergidən yayınmaların qarşısını almaq və maliyyə əməliyyatlarında şəffaflığı artırmaqdır. Bu, yeni mexanizmdir və gələcəkdə daha da təkmilləşdirilməsi gözlənilir. Eyni zamanda, vətəndaşların kartdan-karta köçürmələr həyata keçirməsi üçün ciddi maneələr və ya əsassız məhdudiyyətlər yaradılmamalıdır.”