
Laçında " Yaqub Zirvəsi"
VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ YAQUB ELDƏNİZ OĞLU YAQUBZADƏ İNDİ O ZİRVƏDƏ GECƏ-GÜNDÜZ BABA YURDUNUN KEŞİYİNİ ÇƏKİR

O zirvəyə ucalmaq üçün illərlə yol getmişdi
-Hələ bu yola çıxmazdan əvvəl xəyallarında baba yurdunun- Laçının Malıbəy kəndini minbir arzu ilə canlandırıb, əzizlədiyi günləri, ayları demirəm. Dünyaya göz açdığı Bərdənin Alaçadırlı kəndi nə qədər çalışsa da balaca Yaqubun nağıl dünyasının rənglərini tamamlaya bilməmişdi.

Alaçadırlıda ayaq tutub yerisə də atasının söylədiyi "Malıbəy" adlı sonu bitməyən nağıllar onun uşaq dünyasına daha şirin görünmüşdü. Böyüdükcə, o kənd haqda valideynlərindən, doğmalarından eşitdikləri söhbətlər Yaqubun gözləri önündə daha da canlanıb, özü ilə bərabər böyümüşdü.
Anası Səmurə xanım xatırlayır ki, Bakıya köçəndən sonra da Bərdə ilə əlaqələri kəsilmir. İmkan tapdıqca Yaqubun bibisigilə qonaq gedirlər. Hər gedəndə də Yaqubun gününün çoxu Qarabağ haqqında verdiyi suallara bibisinin cavablarını dinləməklə keçir. Hərdən çöhrəsində tutqunluq yaransa da az sonra gözləri aydınlanar, fikrində daim dolaşan o doğma yerləri görəcəyinə inanırmış kimi yerindən qalxar, sevincək əllərini qaldırıb, qanad açardı. Belə günlərin birində söhbət yenə Qarabağdan düşmüşdü. Qəfil qayıtmışdı ki, mən Qarabağı alacağam. Səmurə xanım: "Bunu deyəndə hamımız Yaqubun balaca boyuna baxıb gülüşdük. Dinmədi. Bir az keçdi, üzünə təbəssüm gəldi. Sonra da uşaq gülüşünü də "götürüb" bizdən uzaqlaşdı.
Yaqub iki bacının bir qardaşı idi
-Amma ondan nə valideynləri ərköyünlük gördü, nə də bacıları. Əksinə, istiqanlılığı, diqqətcilliliyi ilə özünü hər kəsə sevdirdi. Bibisi Gülynaq Məmmədova deyir ki, Yaqub yalnız bir ailənin yox, soyumuzun yeganə oğul övladı idi. Baba adı daşıyırdı, çox xətirli uşaq idi. Körpəlikdən hamıya özünü sevdirmişdi. Kiçik yaşlarından torpağa, yurda çox bağlı idi. Həmişə deyərdi, bibi, mənə Vətənimizdən danış, Laçından danış. Laçını görməsə də, Laçın sevdalısı idi. Mən də kəndimizlə bağlı ən şirin xatirələrimi danışırdım Yaquba. Gəncədə hərbi xidmətdə olanda deyirdi ki, bibi, bura Laçına çox yaxındı.
Şəhidin bacısı Nərmin qardaşlı günlərinin xatirələrini bu gün də qəlbində ən toxunulmaz əmanət kimi qoruyur, saralıb-solmağa qoymur. Deyir ki, bir də görərdim həyətdə dostları ilə söhbət edir, ya oynayır. Yanlarından keçəndə ikimiz də görməzliyə vurardıq. Amma az sonra bir-birimizə baxıb gülümsəyərdik.
O vaxtdan illər ötüb. Yaqubun şirin təbəssümü Nərminin gözlərinə həmişəlik hopub,- amma sonu olmayan, heç zaman gözlərindən çəkilib getməyəcək kədər qarışıq. Dünyanın faniliyində Əbədi olan dəyərlər, məqamlar da var,- Şəhid adı kimi. Bu, elə bir Ucalıq məqamıdır ki, bütün ağrılara güc gəlməyə, dərdləri yenməyə qadirdir. Şəhidlərimizin haqq etdiyi bu mərtəbə onların doğmalarının, əzizlərinin "əllərindən tutub", bükülməyə qoymayacaq, onları daim başı uca saxlayacaq.

Altı sadiq dostdan biri Yaqub
Zəlimxan Balakişiyev həmin günlərdən məmnunluqla söz açır: "Hərəmizin, sözsüz ki, fərqli xarakteri, oxşar olmayan xasiyyəti də vardı. Yaqub elə insan idi ki, hər birimizlə dil tapmağı bacarırdı. Onun xətrini doğma qardaşımız qədər çox istəyirdik. Dürüst, sözübütöv idi.


Yaqubun təlimdən sonra müharibəyə getdiyi günü əsgər yoldaşı İbrahim Həsrətov belə xatırlayır: "Düşmən əsirliyində qalan torpaqlarımızı azad etmək Yaqubun ən böyük arzusu idi. O, Laçının adını xüsus çəkirdi və baba yurdunu görəcəyini çox əminliklə söyləyirdi. Müharibəyə gedəndə ona bağışladığım saatı təkidlə özümə qaytardı. Dedi ki, mən şəhid olacağam, istəmirəm hədiyyən itib-batsın".
Laçın rayonunun Malıbəy kəndinin başı üzərindəki bir ucalığa gedən yol hələ görünməsə də, Yaqub ona addım-addım yaxınlaşırdı
Olacaqlar Yaqubun da, anasının da ürəyinə dammışdı. Səmurə xanım: "Bir dəfə ana-bala evdə idik. Həqiqi hərbi xidmətə çağırılmışdı Yaqub. Qəfil qayıtdı ki, ana, mən şəhid olacağam. Dedim, o nə sözdü deyirsən? Sıxıldım. Canıma istilik gəldi. Göz yaşımı saxlaya bilmədim. Başladım ağalamağa. Tez məni sakitləşdirməyə çalışdı;- Bir sözdü dedim, niyə ağlayırsan? Boynumu qucaqladı,- Bir il nədir ki, tez ötüb keçəcək- dedi.
2020-ci il iyunun 20-də əsgər getdi. Həmin vaxt karantin olduğundan onu yola sala bilmədik. Dedi ki, narahat olmayın, gəlib evə dəyib sonra gedəcəm. Çoxlu şəkil çəkdirərik. Mən də inandım. Demə, mən ağlamayım deyə, birbaşa gedəcəyini gizlədib.
Andiçmə mərasiminə atası ilə getmişdik. Biz yolda olanda tez-tez zəng vurub soruşurdu- hardasınız, nə vaxt çatarsınız? Hiss edirdim ki, bizimçün çox darıxıb. Karantinə görə uzaqdan görüşəsi olduq. Məni qəhər boğdu. Çox pis oldum. Oğlumu doyunca qoxulamaq istəyirdim axı... Son anda 5 dəqiqəlik yaxından görə bildim. Bu beş dəqiqə bir ananın balasını bağrına basıb əzizləməsinə yetərdimi?
Atası Eldəniz kişi Yaqubun şəhidliyindən sonra illərlə ürəyində gəzdirdiyi, kimsəyə söyləmədiyi bir sirri açdı
-Bu sirr nə zamandır içini oysa da dözmüşdü, bir kəsə deməmişdi. Yaqubun on bir yaşı olanda ata yuxusunda onun əsgər paltarında şəhid olduğunu gün işığı kimi aydınca görübmüş.

İllər uzunu nə qədər çalışsa da bu qorxunc yuxunun sıxıntısından özünü qurtara bilməmişdi. Ötən müddətdə yeganə təsəllisi o olumşdu ki, müharibə yoxdur, ölkəmizdə sakitlik, əmin-amanlıqdır. Özünü inandırmağa çalışmışdı ki, gördüyü yuxudu, gerçək deyil. Əslində isə, sonra olanlar atasının bu yuxusunu da, anasının ürəyinə daman, amma onun da dilə gətirə bilmədiyi o qara qorxunu gün işığına çıxarıb, bu ilahi möcüzənin həqiqət olduğunu, ən əvvəl, elə onların özlərini inandırmışdı.

Müharibənin ilk günündən döyüşlərə atıldı
Qorxu hissi Yaquba yad idi. Torpaqlarımızın azadlığı uğrunda son nəfəsinə kimi döyüşməkdə qərarlı idi. And içmişdi, söz vermişdi doğmalarına- igid Vətən oğulları ilə düşmənə qan uddurub, illərdir həsrətini çəkdiyimiz əzəli yurd yerlərimizi yağı tapdağından azad edəcəyik. O yolda gedib də, dönməmək vardı. Hamısını gözə almışdı Yaqub.
Gizir Ülvan Oruczadənin tabeçiliyində olan heyət nəfəri kimi döyüşlərə qatılan Yaqub Yaqubzadə qısa zamanda qorxmazlığı, hərbi intizamı ilə ad çıxarır. Komandiri deyir ki, Yaqub verilən əmr və tapşırıqları sözsüz, layiqincə yerinə yetirirdi. O, ən ağır döyüşlərdə belə təmkinini qoruyub saxlayırdı. Çox tərbiyəli, saf, təmiz qəlbli əsgər idi. Yaqub əsl Azərbaycan əsgərinin nümunəsi idi.
Gizir Ülvan Oruczadə: "Top komandiri olaraq Yaqubla eyni döyüş möveyində idim. O, Murov silsiləsindəki "Camış sol" istiqamətində gedən ən ağır döyüşdə mərdliklə vuruşdu. Bir an da olsun geri çəkilmədi. Həmişə ön sırada oldu. Vətən sevgisi çox yüksək idi. O, əsgər andına axıradək sadiq qaldı".
Döyüş yoldaşı Kənan Məmmədov da Yaqub Yaqubzadənin cəsarətini, qorxmazlığını qürur hissilə xatırlayır: "Bir sözü tez-tez yadıma düşür- şəhid olsam, valideynlərimi axtarıb taparsan. Ondan sonra bir daha Yaqubu görmədim. O, şəhid olanda, mən də ağır yaralandım".
...Yaqub Eldəniz oğlu Yaqubzadə Laçın rayonunun Malıbəy kəndinin ucalığında qərar tutan "Yaqub zirvəsi"nə 2020-ci il oktyabr ayının 2-də çatdı. Həmin gün saat 10-da atası ilə danışıb sağollaşmışdı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.




...Yolunuz nə vaxtsa Laçının Malıbəy kəndinə düşsə, sizi Qarabağ yaylasının gözoxşayan, ürəkaçan mənzərələri qarşılayacaq. Hər birinizi əslən bu yurddan olan iki şəhidimiz- Birinci Qarabağ müharibəsində böyük şücaət, qorxmazlıq nümunəsi göstərmiş Şəfi Səməd oğlu və 44 günlük Vətən müharibəsində cəsarəti, qəhrəmanlığı, yurdsevərliyi ilə ad çıxarmış Yaqub Eldəniz oğlu salamlayacaq. Yalnız bununla da qalmayacaq, Azərbaycan adlı məmləkətin şirinliyinə, toxunulmazlığına, bir də bu dəyərləri qorumağın ən müqəddəs borc olduğuna səni, məni, onu,- hamımızı bir daha inandıracaq.
Nazim Əlifov