Ağdam Rayon İcra Hakimiyyəti son 2 ildə Quzanlı qəsəbəsində və rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri üçün 5 dəfə tender keçirib. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, tenderlərin ümumi dəyəri 1 milyon manata yaxındır.
News365.az-ın tribuna.az-a istinadən yaydığı məlumata görə, tenderlərdən 2-si məhz son 2 gün ərzində reallaşıb.
İcra Hakimiyyəti Ağdam rayonu ərazisində abadlaşdırma işlərinin görülməsi üçün keçirilən tenderin qalibini “AVTOYOLTIKINTISERVIS” MMC elan edib. Şirkət dövlət büdcəsindən 127 min 800 manat vəsait alacaq.
Elə həmin gün keçirilən digər tenderin qalibi isə “KƏNDAHAR” MMC olub. İcra Hakimiyyəti ilə şirkət arasında 220 min 494 manatlıq müqavilə imzalanıb.
2024-2025-ci illərdə abadlıq işləri adı altında keçirilən tenderlərin sayı 3 olub.
Ötən ilin oktyabrında keçirilən tenderi “BAK ODESS” MMC 282 min 80 manata udub.
15.09.2025-ci il tarixli tenderin qalibi “DREAM CONSTRUCTION COMPANY” MMC olub və şirkətə 281 min manat ödənilib.
Son tender isə Ağdam rayon İmamqulubəyli kəndi ərazisində abadlıq işlərinin aparılması ilə bağlı olub. “SUTİKİNTİ-TƏMİR” MMC-nin udduğu tenderin dəyəri 109 min 481 manat təşkil edib.
Qeyd edək ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı 28 avqust 2018-ci il tarixdən Vaqif Həsənovdur.
Vətəndaşlar 1 milyon manata yaxın vəsaitin xərcləndiyi abadlıq işlərinin hansı əraziləri əhatə etdiyini və görülən işlərin həcminin tenderlərin məbləğinə uyğun olub-olmadığını sorğu edir.