“Oxuduğumuz,
bildiyimiz tarixi mənbələrə görə dövrün hakimiyyət davasında hansısa hökmdara
taktiki və ideoloji addımlara görə kimsə haqq qazandıra bilər. Ancaq 21–ci əsrin
hansısa diplomlu-diplomsuz azərbaycanlısı sağalmayan xəstəlik səviyyəsində öz
dövlət mahiyyəti ilə tamamilə zidd olan bu fenomenə sitayiş edirsə, bax bu bizi
ciddi düşündürməlidir”.
Bu fikirləri
Millət vəkili Fazil Mustafa özünün sosial səhifəsində yazıb.
O. əlavə
edib ki. əgər Nuri Paşanın komutanlığında Qafqaz-İslam ordusu Bakını işğaldan
azad etməsəydi və Məhəmməd Əmin bəy mübarizə qardaşları ilə birlikdə Azərbaycan
Cümhuriyyətini qurmasaydı, bizim bu günkü müstəqillik idealımızın nəticəsinin nə
olacağını düşünməyən bir topluma deyiləcək başqa bir söz tapmaq çətindir:
“Yəni öz çağdaş
müstəqil dövlətinin varlıq dəyərləri üzərindən geri adlayıb ortaçağın cəhalət
idollarını yaradan akademikindən tutmuş savadsız bəndəsinə qədər səfəviliyin və
dolayı yolla irançılığın təbliğatçısı olan hər kəs qanaraq və ya qanmayaraq
müstəqil dünyəvi Azərbaycan dövlətinin tərəqqisi qarşısında sadəcə bir düşüncə əngəli
deyil, həm də hər an işə salınacaq canlı bombadır. Bunu unutmayın, sizlər rahat
şəkildə öz nadanlığınızda dirənin, bizlər də narahat şəkildə 1828-ci ildə İran
arealından, səfəvilikdən qopuş nəticəsində aman-zaman qurulmuş milli, dünyəvi
dövlətimizin varlıq dəyərlərini yaşatmaq üçün mübarizəmizə davam edək. Diqqət
edin, biz 1991-ci ildə rus müstəmləkəçiliyindən qurtula bildik,
Ancaq səfəvi-iran
zehniyyətindən qurtulmamış minlərlə azərbaycanlını görəndə düşünürsən ki, hələ
müstəqilliyimizin mənəvi təməlləri sağlam deyil. Kaş ki, Böyük Rəsuzadədən
bir-iki şüar əzbərləyib kənara çəkilməzdiniz, onun irsini diqqətlə oxusaydınız…
Məhəmməd Əmin bəyin Nuri Paşanın Bakını işğaldan azad etməsinin 1 illiyinə həsr
olunan ziyafətdə söylədiyi sözlərə kaş ki, dəyər versəydiniz. Deyirdi ki, bu
Anadolu türkünün Azərbaycanı işğaldan azad etdiyi ikinci hadisədir. İlk dəfə
bunu 350 il öncə türk paşası Özdəmir oğlu Osman etmişdi. Bakını Səfəvi işğalından
azad etmişdi…
Hava
limanında böyük qələbəlik gördüm. Məhəmmədhəsən əminin nəvələri öz ideallarını
gerçəkləşdirmək üçün böyük bir sevgi ilə yola çıxırdılar. Mən isə Şəhidlər
Xiyabanında müstəqilliyimiz üçün şəhid olmuş 1300 türk əsgərinin və Qarabağ
savaşında şəhid olmuş minlərlə Vətən övladını ziyarət etməyə yollanıram. Sizləri
Uca Yaradan feodal keçmişimizin qaranlığının, bizləri də çağdaş dövlətimizin və
millətimizin xidmətçisinə çevirsin! Uca Peyğəmbərimiz demişkən, sizin inandığınız
sizə, mənim inandığım mənə yetər!”
News365.az