Müsəlmanlar xristian ölkələrində niyə xoşbəxt olurlar?- Tural İrfan yazır

Müsəlmanlar xristian ölkələrində  niyə xoşbəxt olurlar?- Tural İrfan yazır
09:38
Həzrət Muhəmməd Peyğəmbərin təbliğatının ilk illərində Məkkə müşriklərinin mənəvi təziqlərindən onu qoruyanlardan biri də xristian Vərəqə bin Novfəl idi. Basqılara, təziqlərə rəğmən Peyğəmbər ilk müsəlmanları məhz xristian ölkəsi Həbəşistana (Efiopiya) iki mərhələdə yola salmışdı. İlk səhabələri orada şəxsən Nəcaşi özü himayə etmiş, hətta mühacirləri geri qaytarmaq üçün hədiyyələrlə gəlmiş Məkkə əyanlarınını əliboş qaytarmışdı.
İlk səhabələr qəfiləsi orada rahat və tolerantlıq şəraitində yaşayır, ibadətlərini edir, hətta ticarətlə məşğul olurdular. Hətta xristianlığı qəbul edib orada vəfat edənlər belə olmuşdu.
Quranda Məkkə surələrinin birində xristian Romanın məcusi Sasanilərə qalib gələcəyi müjdəsi yer alırdı. Peyğəmbər uşaq vaxtında əmisi ilə Suriya səfəri çərçivəsində Nəsturi keşişlərinin isti münasibətini görmüşdü.
Mədinədə müsəlman icmasının formalaşmasından sonra xristian Misir hakiminin ona hədiyyə etdiyi Mariya adlı xanımla evlənmiş, ondan İbrahim adlı oğlu doğulmuşdu.
Kral Nəcaşinin vəfatı ilə əlaqədar qiyabi cənazə namazı qılıb ona dualar etmişdi.
Məkkə fəth olunanda Kəbədəki bütləri dağıdıb İbrahimin fal oxları ilə şəkillərini divardan sildirəndə qucağında İsanı tutmuş Məryəmin rəsmini pozdurmamışdı. Salman Farsinin özü Şama gəlib əvvəlcə xristianlığı qəbul etmiş, hətta kilsədə xadim işləmişdi.
Sonralar xilafət dövründə də xristianlarla münasibət normal idi.
Raşidi xəlifələr dövründə xristian və digər qeyri-müsəlman əhali yerli idarəetmədə, xüsusən maliyyə və katiblik işlərində çalışırdı. Əsas səbəb yeni fəth edilən ərazilərdə mövcud Roma-Bizans və Sasani bürokratiya sisteminin qorunub saxlanılması idi.
Əvvəlki dövrlərdən qalan yerli idarəçilər (dehqanlar, katiblər) öz dinlərində qalmaqla vəzifələrini davam etdirirdilər. Xəlifələr vergi (cizyə və xərac) yığımı və maliyyə hesabatları üçün yerli xristian və yəhudi mütəxəssislərdən istifadə edirdilər.
Mərkəzi Mədinə hakimiyyəti yerli qanunlara və dini icmaların daxili muxtariyyətinə müdaxilə etmirdi. Muaviyə bin Əbu Sufyanın Şam valisi olduğu (Raşidi xəlifələr dövründə) və daha sonra xilafətə keçdiyi zaman maliyyə və dövlət katibliyində xristianlardan (məsələn, gələcək tanınmış ilahiyyatçı İohann Dəməşqinin atası Sərkis ibn Mənsur) geniş istifadə etdiyi məlumdur.
Sasani imperiyasından qalan yerli divan işlərində fars və xristian katiblər vergi sisteminin işlənməsini təmin edirdilər.
Xəlifə Ömər (o dövrdə Fələstin, Qüds də Şama daxil idi) Şama daxil olduqda kilsələrin toxunulmazılığına zəmanət verdi, hər kəsin inanc baxımdan sərbəstlik hüququ tanındı.
Bu gün də müsəlmanlar xristian ölkələrinə mühacirət edir, orada xoşbəxt olurlar. Bəzən də vəhşilik edirlər. Həzrət Muhəmməd Peyğəmbərin göstərdiyi elm, mərifət kimi istiqamətlərə daha çox xristianlar davam edir. İlk müsəlmanların nəvələri olan ərəblər isə hələ də vannada aş yeyib kirayə qaldıqları evin içinə tualet yapmaqla məşğuldurlar.
Peyğəmbərin bir çox ənənəsi bu günkü xristianların adətlərinə uyğundur. Məsələn, toy və dəfn mərasimləri. Çox zaman bədəbə və təmtəraqdan uzaq, sadə şəkildə nikah mərasimi olur. Masa sadə, yeməklər sadə, göstəriş və özünüreklamdan uzaq, əslində İslam dininin də tələb etdiyi qaydada toy məclisi keçirilir. Dəfn də həmçinin. Sadə, hay-həşirsiz, vay-şivənsiz, mədəni, səliqəli, sivil dəfn icra edilir. Qəbirüstü abidə də yenə sadə və çox yerdə standart olur. ABŞ, Avropa da daxil bir sıra xristian ölkəsində çox sadə və adi məzarüstü niçangahlar qoyulur. Məzarlıq da müsəlman məzarlığından fərqli olaraq gül-çiçəkli, yaşıllıq, göy - çəmənlik və çox təmiz olur. Bunlar hamısı İslamın tələbi, lakin müsəlmanların rədd etdiyi ənənələrdir. Hətta xristianların qəbir ziyarəti də İslama uyğundur. Mərsiyyəsiz, vay-şivənsiz, ağlaşmasız, (təbii olaraq kövrəlmək bura aid deyil), bütpərəstlikdən uzaq, çox mədəni və ədəb çərçivəsində olur.
Bu gün müsəlmanların xristian ölkələrinə mühacirət etməsi və orada nəfəs alması, xoşbəxt yaşaması kökdən gəlir. Həbəşistana mühacirət edən ilk müsəlmanlar geri döndükdə çox mədəniləşmiş, savadlanmış, sosial yöndən zənginləşmişdilər.
Bu gün yenə də tarix təkrar olunur.
Tural Irfan,dinşünas

Sizin reklam burada
Sizin reklam burada