Bu cəza İslamdan intiqam almaq xarakteri daşıyır- Tural İrfan yazır
Aktual
09:20
Banqladeşli iki gəncin (ər-arvad olduqları deyilir) Ümrə ziyarəti üçün getdikləri Məkkədə məscid eyvanında öpüşməsini videoya çəkən Pakistan əsilli şəxs polisə təqdim edib. Nəticədə hər ikisinin edamına hökm verilib və başları qılıncla kəsilərək vəhşicəsinə qətl ediliblər. Məlumata görə Banqladeş hökuməti Səudiyyə Ərəbistanına nota verib.
Bildirim ki, bu qanlı cinayətin dinlə, İslamla əsla əlaqəsi yoxdur. Qədim dövrün, orta əsrlərin bədəvi-ərəb-yəhudi cəzalarıdır. İslami əxlaq qaydalarına zidd olsa da İslam hüququnda sözü gedən əməlin cəzası edam deyil, təzir cəzasıdır.
Təzir hakimin, qazının və ya İslam dövlətinin hüquq sisteminin xəbərdarlıq, qınaq, cərimə və ya islah məqsədli digər sanksiyalar formasında təyin etdiyi cəza növüdür. Şəxslər tövbə edib peşmanlıqlarını səmimi etiraf etsələr, bir daha belə əməllərə yol verməyəcəklərinə əminliklə söz versələr bu cəzadan da azad oluna bilərlər.
Bu cür qanlı cinayətlərin İslam adına yazılması dünyada bu dini qəddar, amansız, müsəlmanları isə vəhşi göstərmək niyyəti daşıyır. Qərbin ideoloji mərkəzləri maneə kimi gördükləri İslamın obrazını bu cür amansız göstərmək üçün bəzi müsəlman ölkələrini əlaltıya, alətə çevirib. Hazırda bütün dünya bu qanlı cinayətdən danışır, yazır və İslam dininə qarşı geniş ikrah yaradılır. Cadular bayramını rəsmən qeyd edən bir ölkə üçün bu cəza İslamdan intiqam almaq xarakteri daşıyır.
Bir dini təhqir etmək, nüfuzdan salmaq üçün illərlə təbliğat aparmaqdansa onun adı ilə bircə belə hadisə törətsən kifayətdir. Qədim Talmud və bədəvi ərəb ənənələrinə uyğun ağır cəza növlərinin İslam adına bağlanması yalnız bu dinə qarşı müasir dünyada nifrət yaratmaq məqsədi daşıyır. Allah İslamı belə "müsəlmanlardan' qorusun!