Əməkdar jurnalist Bəturə Nəbiyeva İrəvanda yerləşən Göy məscidin iclas zalına erməni şair Yeqişe Çarentsin adının verilməsi təşəbbüsünə və bu prosesdə İran rəsmisinin iştirakına sərt münasibət bildirib.
News365.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Bəturə Nəbiyeva bildirib ki, Göy məscid Azərbaycanın tarixi və mədəni irsidir və onun hər hansı başqa ölkənin mədəniyyətinə aid edilməsi cəhdləri tarixi həqiqətlərin təhrif olunmasıdır.
O, İranın vitse-prezidenti Həmid Purməhəmmədinin erməni şair Yeqişe Çarentsi “İran mədəniyyətinin dostu” adlandırmasına da münasibət bildirib. Jurnalistin sözlərinə görə, İran rəsmisinin bu addımı və məsciddə erməni şairin adının əbədiləşdirilməsi təşəbbüsündə iştirakı ciddi suallar doğurur.
Əməkdar jurnalist xatırladıb ki, Göy məscidin tikintisinə 1760-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə başlanılıb, 1766-1767-ci illərdə isə inşası başa çatdırılıb.
Bəturə Nəbiyeva qeyd edib ki, məscidin Azərbaycan tarixi və mədəni irsinin bir hissəsi olduğu məlum olduğu halda, onun başqa mədəniyyətə aid edilməsinə çalışılması yolverilməzdir.
Jurnalist İran rəsmilərinin İslam dəyərlərinə istinad etməklə yanaşı, başqasının tarixi irsinə hörmət prinsipini də nəzərə almalı olduğunu vurğulayıb.
“Başqasının haqqını mənimsəməyə din yox, oğurluq deyirlər”, – deyə Bəturə Nəbiyeva paylaşımında bildirib.
O, baş verənləri yalnız tarixi irsə münasibət məsələsi deyil, həm də Azərbaycan xalqına qarşı hörmətsizlik kimi qiymətləndirib və tarixi həqiqətlərin dəyişdirilməsinin mümkün olmadığını qeyd edib.