Məktəbli formasına adi geyim kimi deyil...

Məktəbli formasına adi geyim kimi deyil...
09:39

Geyimimiz, hüququmuz bir idi,

Şagird idi hamımızın adı da.

Elə bil ki, boyumuzda eyniydi,

Aman Allah, nə xoşbəxtdik biz onda...

Nəğmələşən bu şeyri hər dəfə oxuyanda içimizdən bir sızıltı keçir. Və qayğısız məktəb illəri üçün “burnumuzun ucu göynəyir”.

Siyasi qovğalardan, sosial qayğılardan və dini ambisiyalardan uzaq o illər şübhəsiz ki, həyatımızın ən qayğısız və xoşbəxt illəri idi.

Böyüdük, bir çox uğurlarımız oldu. Amma qazandıqlarımızı məktəb illəri ilə müqasiyə edəndə gördük ki, itirdiklərimiz uğurlarımızdan daha çox olub...

Bəs bu günkü məktəblilər də bizim qədər xoşbəxt və qayğısızdırmı?

İlk baxışdan demək olar ki, bəli indiki uşaqlar daha rahat, daha komfortlu məktəblərdə təhsil alırlar, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Amma məsələyə daha dərindən nüfuz edəndə görürsən ki, indiki uşaqları heç də ötən onilliklərdəki uşaqlar qədər qayğısız deyil. Çünki bu gün bəzi qüvvələr təsir altına düşmüş valideynlərin əliylə məktəbləri sosial qayğıların, dini ambisiyaların episentrinə çevirməyə çalışırlar. Bundansa ən çox təsirlənən və zərər görən təbii ki, uşaqlardır.

Ülvi arzuların sorağında...

Hər bir valideyn üçün ülvi və müqəddəs arzulardan biri övladını orta məktəbə yola salmaqdır. Şübhəsis ki, övladının məktəbli formasında evdən çıxması, çantasını çiyninə ataraq məktəbə yollanması bütün valideynlər üçün dünyanın ən gözəl mənzərələrindən biridir. Çünki o balaca çiyinlərdə təkcə məktəb çantası deyil, gələcəyə aparan ümidlər, arzular, sabaha inam daşınır. Eləcə də gələcəyə gedən işıqlı yol orta məktəbin dəhlizlərindən, sinif otaqlarından və ən başlıcası məktəb intizamından başlayır.

Bəs elə isə bu müqəddəs yolun işıqforları niyə bəzi valideynləri narahat edir?

Bəri başdan deyək ki, hər bir valideynin məktəbli formasına münasibəti sadəcə geyim seçimi deyil, onun övladının tərbiyəsinə, təhsilinə və həyata baxışına münasibətinin göstəricisidir.

Valideynlər unutmamalıdır ki, məktəb dəb nümayiş etdirilən məkan deyil. Övladını bahalı və yaxud fərqli geyimlərlə başqalarından üstün göstərmək onun gələcəyinə verilən ən yaxşı töhfə sayıla bilməz. Axı, insanın dəyəri geyindiyi paltarın qiyməti ilə deyil, daşıdığı biliyin, mənəviyyatın, davranışın və şəxsiyyətinin zənginliyi ilə ölçülür.

Məktəbli forması uşaqlar arasında görünməz körpü yaratmalıdır. Həmin körpünün bir tərəfində imkanlı ailənin övladı, digər tərəfində maddi çətinlik yaşayan ailənin uşağı dayanmamalıdır.Eyni zamanda uşaqlar dini təriqətlərin savaşını və göstəricilərini məktəbə daşımamalıdır və bundan əzab çəkməməlidir.

Heç bir uşaq sinif yoldaşının bahalı geyiminə baxıb özünü kasıb, fərqli geyiminə görə  özünü narahat hiss etməməlidir. Eyni zamanda heç bir valideyn övladının məktəbdə savadına görə yox, inancına və geyiminə görə seçilməyini istəməmlidir.

Valideynin ən böyük müdrikliyi övladına fərqliliyi təlqin etmək deyil, ona sadəliyin gözəlliyini, səliqənin mədəniyyətini, bərabərliyin qiymətini anlatmaqdadır. Uşaq bilməlidir ki, məktəbli forması onun fərdiliyini əlindən almır, əksinə, onu böyük bir kollektivin üzvü edir.

Əlbəttə, bu, valideynin uşağın rahatlığına, zövqünə və seçimlərinə biganə qalması demək deyil. Əsas olan uşağa geyimin arxasında dayanan mənəvi dəyəri aşılamaqdır.

Elə etmək lazımdır ki, övladlarımız fərqli  geyimləriylə deyil, gözəl tərbiyə, zəngin bilik və yüksək mənəviyyatları ilə fərqlənsinlər. Qoy uşaqlarımız məktəbə gedərkən bir-birinin geyiminə deyil, biliyinə, uğuruna, istedadına baxsınlar.

Axı sabah bu uşaqların hər biri cəmiyyətin bir parçası, dövlətimizin gələcəyinin daşıyıcısı olacaq. Onlara bu gündən öyrətməliyik ki, insanı ucaldan onun əynindəki fərqli paltar deyil, daxilindəki mənəviyyat, qəlbindəki mərhəmət və zehnindəki bilikdir.

Məktəbli forması sadəcə geyim standartı deyil.

O, məktəbliləri birləşdirən, onların arasında sosial fərqləri müəyyən mənada aradan qaldıran, təhsil mühitində bərabərlik və kollektivlik hissini gücləndirən mühüm vasitədir. Məktəb qapısından içəri daxil olan hər bir uşaq ilk növbədə şagird olduğunu, müəyyən bir kollektivin üzvü olduğunu hiss etməlidir. Burada ailənin maddi imkanları, valideynin sosial statusu, hansı dini təriqətə məxsus olmas deyil, məktəbdə onun biliyi, bacarığı, davranışı və şəxsiyyəti ön plana çıxmalıdır.

Məktəbli formasının mənəvi əhəmiyyətini yalnız zahiri görünüşlə məhdudlaşdırmaq doğru olmazdı. Əsas məsələ həmin formanın daşıdığı mənanı uşaqlara aşılamaqdır. Şagird bilməlidir ki, geyindiyi forma onu minlərlə yaşıdı ilə eyni məqsəd ətrafında birləşdirir. Yəni oxumaq, öyrənmək, bilikli və vətəndaş məsuliyyəti daşıyan insan kimi yetişmək.

Məktəbli forması həm də məktəb ənənələrinin, təhsil mədəniyyətinin və nəsillər arasında mənəvi bağlılığın ifadəsidir. Bu gün valideynlərin böyük əksəriyyəti öz məktəb illərini xatırlayarkən həmin formanın yaratdığı xüsusi ab-havanı, sinif yoldaşları ilə bölüşdüyü sevincləri, ilk zəngin həyəcanını yada salır. Məktəbli forması bəzən bir insanın uşaqlıq xatirələrinin ayrılmaz parçasına çevrilir.

Ona görə də bu məsələdə valideynlərin və müəllimlərin üzərinə də mühüm məsuliyyət düşür. Məktəbli formasını uşağa məcburi geyim kimi təqdim etmək yox, onun sosial və mənəvi mahiyyətini izah etmək lazımdır.

Unutmayaq ki, məktəbin əsas vəzifəsi yalnız dərs keçmək, şagirdə bilik vermək deyil. Məktəb həm də insan yetişdirir, xarakter formalaşdırır, Vətənə, dövlətə, ailəyə, milli-mənəvi dəyərlərə hörmət aşılayır. Bu böyük missiyanın həyata keçirilməsində məktəbli formasının da özünəməxsus yeri var.

Məktəbli forması uşaqların üzərinə geyindirilən bir parça deyil, onların çiyinlərinə qoyulan mənəvi məsuliyyətin rəmzi olmalıdır. Həmin forma uşağa xatırlatmalıdır ki, o, yalnız öz ailəsinin deyil, cəmiyyətin də gələcəyidir. Bu gün məktəb partası arxasında əyləşən, sinəsinə məktəbli nişanı taxan uşaqlar sabah ölkəmizin taleyini müəyyənləşdirəcək, dövlətimizi idarə edəcək, elmimizi, mədəniyyətimizi və iqtisadiyyatımızı inkişaf etdirəcəklər.

Elə buna görə də məktəbli formasına adi geyim kimi deyil, bərabərliyin, intizamın, kollektiv ruhun və mənəvi tərbiyənin mühüm atributu kimi yanaşmalıyıq. Çünki məktəbli formasının rəngi, biçimi dəyişə bilər, amma onun ifadə etdiyi dəyərlər – birlik, sadəlik, bərabərlik və təhsilə hörmət  heç vaxt öz əhəmiyyətini itirməməlidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada