Azərbaycanın qeyri neft-qaz ixracatı 4.4 dəfə artıb
Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracı 12 milyard 535 milyon dollar təşkil edib. Bunun 4 milyard 698 milyon dolları isə qeyri neft-qaz məhsullarının payına düşüb.
Millət vəkili Vüqar Bayramov bildirib ki, xarici ticarət dövriyyəsində diqqət çəkən əsas məqamlardan biri qeyri neft-qaz ixracatının 4.4 dəfə artmasıdır. Onun sözlərinə görə, cari ilin 4 aylıq qeyri neft-qaz ixracı ötən ilin ümumi göstəricisini 30 faiz üstələyib.
Deputat qeyd edib ki, qeyri neft-qaz ixracındakı kəskin artım əsasən işlənməmiş, yarıişlənmiş və toz şəkilində qızıl ixracı ilə bağlıdır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu növ qızıl ixracı real ifadədə 18 dəfə, cari qiymətlərlə isə 37 dəfə artıb. Hesabat dövründə Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib.
Qeyri neft-qaz sektorunda artım qeydə alınan digər məhsullar sırasında şəkər də yer alıb. Şəkər ixracı 4.2 dəfə artaraq ölkəyə 37.5 milyon dollar valyuta qazandırıb. Pambıq ipliyi ixracında 2.6 dəfə artım müşahidə olunub və bu məhsulun ixrac dəyəri 16.4 milyon dollar təşkil edib. Kartof ixracı isə 2.1 dəfə artaraq ölkəyə təxminən 4 milyon dollar gəlir gətirib.
Bütövlükdə, qızıldan sonra qeyri neft-qaz sektorunda ölkəyə ən çox valyuta gətirən məhsul təzə meyvələr olub. Bu məhsulların ixrac dəyəri 165.1 milyon dollar təşkil edib. İlk üçlüyü isə 92.7 milyon dollar ilə pambıq lifi tamamlayıb.
Vüqar Bayramov vurğulayıb ki, qeyri neft-qaz ixracındakı artım iqtisadiyyatın daha da şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təbii ehtiyatlara əsaslanmayan məhsulların ixracının təşviqi prioritet istiqamətlərdən biri olaraq qalır.