İran və Oman arasında müzakirə olunan yeni razılaşma Tehrana Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olan gəmilərə nəzarət hüququ verə bilər.
News365.az xarici mediaya istinadən xəbər verir ki, bu razılaşma İranla ABŞ arasında beş aydır davam edən müharibəyə son qoymağa yönəlmiş diplomatik təşəbbüslərin bir hissəsi kimi qiymətləndirilir.
Məlumata görə, İranın boğazdakı gəmi hərəkətinə nəzarət səlahiyyəti əldə etməsi regionda qüvvələr balansını Tehranın xeyrinə dəyişə bilər. Bildirilir ki, ABŞ və İsrailin fevral ayında başladığı müharibədən əvvəl Hörmüz boğazı bütün gəmilər üçün heç bir ödəniş tələb olunmadan sərbəst keçidə açıq idi.
Hazırda İran və Oman – boğazın müvafiq olaraq şimal və cənub hissələrinə nəzarət edən ölkələr kimi – məsələ ilə bağlı ikitərəfli danışıqlar aparırlar. İran rəsmiləri danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə olunduğunu bildirərək, razılaşma baş tutacağı təqdirdə həm giriş, həm də çıxış marşrutlarının İranın ərazi suları vasitəsilə həyata keçiriləcəyini açıqlayıblar.