Bakı küçələrində sürücüsüz avtobuslar və metroda isə sürücüsüz qatarlar şütüyəcək- BU TARİXDƏN

Bakı küçələrində sürücüsüz avtobuslar və metroda isə sürücüsüz qatarlar şütüyəcək- BU TARİXDƏN
11:50

Bir neçə ildən sonra paytaxt sakinləri və qonaqlar daha bir nağılın kerçəkləşməsinə şahidlik edəcəklər. Belə ki, Bakı metrosunda sürücüsüz qatarlar, şəhərin müəyyən edilmiş xüsusi marşrutlarında isə sürücüsüz avtobusları görəcəklər.

Bütün bunlar “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində avtonom nəqliyyat vasitələrinin tətbiqi hesabına reallaşacaq.

Hələliksə bu yenilikləri tənzimləyəcək hüquqi mexanizmlər formalaşdırılır. Artıq müvafiq qanunvericiliyə müəyyən dəyişikliklər olunub.

Bəs, hazırda proses hansı mərhələdədir?

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu göndərdik. Nazirlikdən News365.az- a bildirildi ki, avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istismara buraxıldıqdan sonra fəaliyyətə başlayacaq:

“Məsələn, ilkin mərhələdə sürücüsüz avtobusların müəyyən edilmiş xüsusi zolaqlarda və ya məhdud marşrutlarda sınaq və istismarı mümkün olacaq.

İstismar prosesinə nəzarəti xüsusi şəhadətnamə əsasında fəaliyyət göstərən operatorlar həyata keçirəcək. Bu isə o deməkdir ki, nəqliyyat vasitəsində sürücü olmasa belə, məsafədən idarəetmə mərkəzində operator sistemin fəaliyyətini izləyəcək və zərurət yarandıqda müdaxilə edə biləcək.

Layihənin diqqətçəkən yeniliklərindən biri də avtonom nəqliyyat vasitələrinin digərlərindən fərqləndirilməsi məqsədilə xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanının tətbiqidir.

Məlumat üçün bildiririk ki, bu texnologiyalar artıq dünyanın müxtəlif ərazilərində tətbiq olunur. Məsələn, avtonom avtobuslar və taksilər Çin, BƏƏ və ABŞ-də sınaq və istismar mərhələsindədir. Yeni texnologiynın tətbiqi nəqliyyatın daha təhlükəsiz, səmərəli və texnoloji əsaslarla idarə olunmasına xidmət edəcək”.


Sizin reklam burada
Sizin reklam burada