Mərkəzi Bank
və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən 1 avqustdan ölkədə
kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib: 1) kart sahibi hər
gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər; 2)
kartdan karta köçürmələrin maksimal ümumi aylıq məbləği 20000 manatdır.
Qeyd olunur
ki, bu limitlər şəffaflığın artırılması, fırıldaq hallarının azaldılması,
vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir.
Mövzu ilə
bağlı danışan iqtisadçı Əkrəm Həsənov
deyir ki, məqsədin səmimi olduğuna inanıram:
“Amma sivil
ölkələrdə bu məqsədə limitlərin tətbiqi yolu ilə deyil, rəqəmsal monitorinq
yolu ilə nail olunur. Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini
(mənbəyi ilə bərabər) bəyan edir. Buna görə də kartdan karta yolu ilə ona daxil
olmuş vəsaitlərlə bəyan etdiyi gəlirlər arasında fərq olduğu halda vətəndaş məsuliyyətə
cəlb olunur (vergi və s.). Azərbaycanda isə hətta məmurlar da gəlirlərini bəyan
etmir (halbuki 2005-ci ildən bunu tələb edən Qanunumuz var). Buna görə də bizdə
çirkli pullarına yuyulmasına qarşı mübarizə işlək deyil. Vətəndaş banka əmanət
yerləşdirəndə, avtomobil və ev alanda, yaxud başqasına pul köçürəndə ona qarşı
hər hansı irad irəli sürülə bilməz. Vəsaitin mənbəyini soruşsaz istədiyi cavabı
verə bilər. Məsələn, deyə bilər ki, “babamdan qalıb”! Sivil ölkələrdə isə vətəndaş
bu cavabı verə bilməz, çünki hər il əmlakı və gəlirləri barədə bəyanat verir.
Beləliklə,
hazırda tətbiq olunmuş limitin, habelə illər öncə tətbiq edilməyə başlamış
xarici valyuta alışına illik 20000 manatlıq limitin bir səbəbi var. Məmurlamız
“qara” qaydada işləməyə davam etmək istədikləri üçün (gəlirlərini bəyan etmək
istəmirlər) sıravi vətəndaşları “ağ” maliyyə qaydalarına alışdırmaq üçün
primitiv və kobud alətlərdən istifadə edirlər.
Təsadüfi
deyil ki, bunun üçün seçilmiş yolun özü də bazar iqtisadiyyatı ruhuna uyğun
deyil. Necə yəni Mərkəzi Bank banklarla razılıq əldə edib? Yəni banklar könüllü
olaraq öz üzərlərinə məhdudiyyət qoyublar? Necə ki, valyuta alışına illik 20000
manatlıq limiti də guya banklarımız könüllü tətbiq edib. Hansı normal
kommersiya qurumu dövriyyəsini azaldacaq məhdudiyyəti tətbiq edər ki?.. Normal
bazar iqtisadiyyatı şəraitində bu cür məhdudiyyətləri, xüsusilə vətəndaşlara aid
olan məhdudiyyətləri kommersiya qurumları müəyyən etmir. Dövlət müəyyən edir.
Buna görə də normal şəraitdə bu limitlər qanunda təsbit olunmalı idi.
Əlbəttə ki,
bu limitlər əhalinin əksəriyyəti üçün heç bir problem yaratmayacaq. Onların nə
aylıq 20000 manatlıq pulu var, nə də gündə 5 dəfə kiməsə köçürmə etmək zərurəti
və imkanı. Əksər hallarda bu limitlər həqiqətən də vergidən yayınmaq istəyənlər
üçün müəyyən narahatlıq yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən pulu
hər dəfə kartına ala bilməyəcək. Lakin problemi qismən başqa yolla həll edə bilər:
limitdən yuxarı pul onun yaxınlarının (ailə üzvlərinin, dostlarının və s.)
kartına köçürülə bilər. Ən əsası isə pulu sadəcə nağd ala bilər, vəssalam! Və ən
mənfisi də budur. Dövlət özü insanları nağd ödənişlərə qayıtmağa təşviq edir.
İndiki halda dövlət heç olmasa nağdsız ödənişləri görürdü. Bundan sonra isə
limitdən yuxarı ödənşlər sadəcə nağd ediləcək və dövlət onları görməyəcək.
Bunumu istəyirik? Bumu bizə lazımdır?..
Ən əsası isə
bu limitlər vicdanlı vətəndaşların hüquqlarının pozulmasıdır. Məsələn, tutaq
ki, mənə bu ay hansısa şəxs 25000 manat borcunu ödəməlidir. Niyə bunu kartdan
karta edə bilməz? Nədir-nədir, 20000 manatlıq aylıq limit var? Sivil ölkədə bu
ödənişi etməkdə problem olmamalıdır. Sadəcə dövlət vəsaitin mənbəyi və əsl səbəb
ilə maraqlana bilər. Hər kəsin gəlir bəyannaməsi olan ölkədə bunu araşdırmaq elə
də çətin deyil. Lakin bizdə kölgə iqtisadiyyatı ilk növbədə elə məmuların gəlirinin
qeyri-şəffaf olmasına söykəndiyi üçün bu cür nəzarət mümkünsüzdür. Qeyri-şəffaf
insanlar bizə şəffaflıq dərsi keçir. Nəticədə isə sadəcə nağd dövriyyə
artacaq...”
News365.az