Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana yollanıb.
News365.az xəbər verir ki, Paşinyan Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək.
Səfər Ermənistanın xarici siyasət kursu ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Belə ki, son aylarda Rusiya rəsmiləri dəfələrlə İrəvanın eyni vaxtda həm Avropa İttifaqına inteqrasiya kursunu, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünü davam etdirə bilməyəcəyini bildirərək, Ermənistanın seçim etməli olduğunu vurğulayıblar.
Bu baxımdan Paşinyanın Aİİ-nin hökumətlərarası iclasında iştirakı siyasi dairələrdə müxtəlif suallar doğurub. Ekspertlər hesab edirlər ki, səfər Ermənistanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşmaq niyyətində olmadığını nümayiş etdirmək cəhdi kimi də qiymətləndirilə bilər. Digər tərəfdən, rəsmi İrəvan indiyədək Avropa İttifaqı ilə yaxınlaşma siyasətindən imtina etdiyini bəyan etməyib.
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının iclasında üzv ölkələr arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inteqrasiya proseslərinin müzakirəsi nəzərdə tutulur. Səfər çərçivəsində Nikol Paşinyanın bir sıra ikitərəfli görüşlər keçirməsi də gözlənilir.