Azərbaycanda
kartdan-karta pul köçürmələri üzrə yeni məhdudiyyətlərin tətbiqinə başlanılır.
Banklar dəyişikliklə
bağlı müştərilərinə artıq SMS bildirişləri göndərməyə başlayıblar.
Yayılan məlumata
əsasən, 1 avqust 2026-cı ildən etibarən bir bank kartından gün ərzində maksimum
5 kartdan-karta köçürmə həyata keçirmək mümkün olacaq.
Yeni məhdudiyyətlərin
şəxsin öz adına açılmış bank hesabları və kartları arasında aparılan köçürmələrə
şamil olunmadığı bildirilir. Bu halda müştərilər öz hesabları arasında əvvəlki
qaydada vəsait köçürə biləcəklər.
Yeni
qaydaların nağdsız ödəniş dövriyyəsinə, fərdi pul köçürmələrinə və kiçik
sahibkarların hesablaşmalarına təsir göstərə biləcəyi ehtimal edilir.
Yeni
qaydalara görə gün ərzində bir kartdan 5 köçürmək etmək mümkün olacaq. Bir kart
da maksimum 5 köçürmə qəbul edə biləcək.
Kartdan
karta köçürmələrin ümumi məbləğinə aylıq 20 min manat limit qoyulub. Bank müştərisinin
öz kartları arasında həyata keçirilən əməliyyatlar bu məhdudiyyətlərə şamil
edilmir, onlara limit qoyulmur.
Ödəniş
kartlarının və elektron cüzdanların sayına da limit qoyulur. Belə ki, elektron
cüzdanlar üzrə manatda 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə isə 1
elektron cüzdan istifadə oluna bilər.
Mövzu ilə
bağlı News365.az-a danışan iqtisadçı
Əkrəm Həsənov deyib ki, bu limitlər
şəffaflığın artırılması, fırıldaq hallarının azaldılması, vergidən yayınma və
qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir:
“Məqsədin səmimi
olduğuna inanıram. Amma bəzi ölkələrdə buna limitlərin tətbiqi yolu ilə deyil,
rəqəmsal monitorinq yolu ilə nail olunur. Yeni qayda gün ərzində bir kartdan
daha çox köçürmə edən və yaxud pul qəbul eliyən şəxslərə problem yaradacaq. Məsələn
bəzi restoranlar ödənişi posterminaldan yox, kartdan-karta qəbul edir. Artıq həmin
restoranlar sutkada 5 müştəridən artığına deyə biməyəcək ki, “karta at”. Bundan
başqa ianə alanlar üçün də problem yarana bilər. Amma ümumilikdə bu limitlər əhalinin
əksəriyyəti üçün heç bir problem yaratmayacaq. Əksər hallarda bu limitlər həqiqətən
də vergidən yayınmaq istəyənlər üçün müəyyən narahatlıq yaradacaq. Məsələn,
mikrosahibkar müştərilərindən pulu hər dəfə kartına ala bilməyəcək.”.
News365.az