Pandemiyadan sonra turizm sahəsində ən sürətli inkişaf göstərən ölkələrin reytinqi açıqlanıb.
"Time Out" nəşrinin yazdığına görə, "OECD Tourism Trends and Policies 2026" hesabatında 2019–2025-ci illər ərzində beynəlxalq turist axınının artım tempinə əsasən dünyanın ən dinamik turizm istiqamətləri müəyyən edilib.
Reytinqə 2019-cu illə müqayisədə xarici turistlərin sayını 67 faiz artıran Səudiyyə Ərəbistanı başçılıq edir.
Mütəxəssislər bu artımı ölkənin iqtisadiyyatını neftdən asılılıqdan uzaqlaşdırmağı hədəfləyən "Vision 2030" dövlət proqramı ilə əlaqələndirirlər. Proqram çərçivəsində turist vizalarının verilməsi sadələşdirilib, hava nəqliyyatı infrastrukturu genişləndirilib, mədəni irs abidələrinə və turizm obyektlərinə iri həcmdə investisiyalar yatırılıb.
Bu səbəbdən son illərdə turistlər "Maraya" güzgülü konsert zalını və Əl-Ula bölgəsində yerləşən qədim Hegra şəhərini daha çox ziyarət edirlər.
İkinci və üçüncü yerləri müvafiq olaraq Mərakeş (53 faiz) və Misir (47 faiz) tutub. Hər iki ölkədə yeni aviareyslərin açılması və hava limanlarının modernləşdirilməsi turistlər üçün əlçatanlığı artırıb.
Cənubi Amerikada da turizm sürətlə inkişaf edir. Braziliya, Kolumbiya və Çili pandemiyadan əvvəlki göstəriciləri artıq geridə qoyublar.
Avropada bərpa prosesi daha yavaş getsə də, bir sıra ölkələr yüksək artım nümayiş etdiriblər.
Belə ki, Norveçdə xarici turistlərin sayı 28 faiz, Serbiyada 27 faiz, Danimarkada 22 faiz, Portuqaliyada 20 faiz, İspaniyada isə 16 faiz artıb. Fransa və Yunanıstan da pandemiyadan əvvəlki səviyyəni ötə biliblər.
İlk onluqda yer alan Yaponiya 34 faizlik artımla altıncı pillədə qərarlaşıb. Mütəxəssislər bunu əsasən yenin zəif məzənnəsinin ölkəyə səyahəti xarici turistlər üçün daha əlverişli etməsi ilə izah edirlər.
2019-cu ildən bəri turizm sahəsində ən yüksək artım göstərən 20 ölkə
1. Səudiyyə Ərəbistanı – 67 faiz
2. Mərakeş – 53 faiz
3. Misir – 47 faiz
4. Braziliya – 46 faiz
5. Kolumbiya – 45 faiz
6. Yaponiya – 34 faiz
7. Çili – 33 faiz
8. Norveç – 28 faiz
9. Serbiya – 27 faiz
10. Danimarka – 22 faiz
11. Türkiyə – 21 faiz
12. Portuqaliya – 20 faiz
13. Lüksemburq – 19 faiz
14. Sloveniya – 16 faiz
15. İspaniya – 16 faiz
16. İslandiya – 14 faiz
17. Fransa – 12 faiz
18. Yunanıstan – 11 faiz
19. Niderland – 11 faiz
20. İsveç – 11 faiz