Çox strateji bir məsələyə (dövlət proqramları və strategiya sənədlərinin çatışmazlıq hesab etdiyim tərəflərinə) toxunmaq istəyirəm.
Orta statistik vətəndaş üçün dövlət proqramları və strategiya sənədləri o qədər də əhəmiyyətli görünməyə bilər. Amma, bu sənədlər hər bir sahənin gələcək inkişafının və dayanıqlılığının əsas yol xəritəsidir.
Bu sənədlərin ən vacib hissəsi isə "Tədbirlər planı"dır. Burada qurumlar qarşısında konkret hədəflər qoyulur. Çünki, məhz burada hansı qurumun, hansı müddətdə, hansı işi görməli olduğu və hansı nəticəyə nail olmalı olduğu müəyyən edilir.
Amma təəssüf ki, tədbirlər planlarında hədəflər çox vaxt qeyri-müəyyən ifadələrlə yazılır. Nəticədə həmin hədəfin icra edilib-edilmədiyini obyektiv qiymətləndirmək mümkün olmur. Bu isə o deməkdir ki, faktiki olaraq ciddi nəticə əldə edilməsə belə, icraçı qurum hesabatında həmin tapşırığın yerinə yetirildiyini rahatlıqla qeyd edə bilir.
Məsələn, bir çox tədbirlər planlarında qurum qarşısında hədəf aşağıdakı ifadələrə qoyulur:
- "Səmərəliliyin yüksəldilməsi"
- "Töhfənin verilməsi"
- "İmkanların genişləndirilməsi"
- "Əlçatanlığın artırılması"
Bu ifadələrlə yazılan hədəf necə ölçüləcək?
Məsələn, "töhfənin verilməsi" nə deməkdir? Bir telefon danışığı da töhfə sayıla bilər, bir görüş də, bir məktub da, milyardlıq investisiya da. Bunların hamısını eyni meyarla necə qiymətləndirmək olar?
Yaxud "səmərəliliyin yüksəldilməsi". Nə qədər yüksəldilməsi? 1 faiz, 10 faiz, yoxsa 50 faiz? Hansı göstərici əsasında?
Və ya "əlçatanlığın artırılması", "imkanların genişləndirilməsi". Nə qədər artırılması? Neçə nəfər üçün? Neçə kilometr? Neçə faiz?
Əgər hədəf ölçülə bilmirsə, onun icrasını da obyektiv qiymətləndirmək mümkün deyil. Belə olduqda isə demək olar ki, istənilən fəaliyyət həmin bəndin icrası kimi təqdim edilə bilər.
Unutmayaq ki, strategiya sənədləri və dövlət proqramları niyyətlər toplusu deyil. Onlar ölçülə bilən nəticələri, konkret göstəriciləri və aydın hədəfləri özündə əks etdirməlidir. Çünki yaxşı yazılmış "Tədbirlər planı" həm icranı asanlaşdırır, həm də sonradan yazılan hesabatların obyektivliyini təmin edir.
Sonda qeyd edim, məqsədim konkret hər hansı proqramın və ya strategiyanın tənqidi deyil. Məqsədim və istəyim heç olmasa qarşıdakı dövrdə hazırlanacaq dövlət proqramları və strategiya sənədlərində hədəflər daha konkret, ölçülə bilən və nəticəyönümlü müəyyən edilsin. Çünki yuxarıda qeyd etdiyim kimi, strategiya və proqram yaxşı niyyətlər toplusu deyil. Bunlar ölçülə bilən hədəflər və cavabdehlik yaradan idarəetmə alətidir.
Eldəniz Əmirov, iqtisadçı