16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına ciddi nəzarət olacaq

16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına ciddi nəzarət olacaq
09:10

Azərbaycanda 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirələri davam edir.

Mövzu ilə bağlı News365.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, qanun layihəsinin müzakirələri zamanı əsas diqqət yetirilən məsələlərdən biri onun icra mexanizmi və nəzarət qaydaları olub.


Deputatın sözlərinə görə, qanun layihəsində əsas məqsəd uşaqları zərərli məzmunun təsirindən qorumaqdır.

"Milli Məclisdə qanun layihəsinin müzakirələri zamanı səsləndirilən əsas suallardan biri sənəd qəbul edildikdən sonra onun icra mexanizminin necə həyata keçiriləcəyi ilə bağlı idi. Əgər 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatı qadağan olunursa, bunun tətbiq mexanizmi də dəqiq müəyyənləşdirilməlidir", – deyə o bildirib.

Azər Allahverənov qeyd edib ki, məhdudiyyət bütün internet platformalarına şamil edilməyəcək.

"Burada söhbət bütün platformalardan getmir. Təhsil və digər faydalı məzmun təqdim edən platformalar da mövcuddur. Əsas məqsəd uşaqları zərərli kontentdən qorumaqdır. Məhz buna görə də zərərli məzmun yayan platformalarla bağlı daha ciddi tələblər və sanksiyalar nəzərdə tutulur", – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, qeydiyyat prosesi zamanı istifadəçinin yaşının müəyyənləşdirilməsi üçün müxtəlif təsdiqləmə mexanizmlərindən istifadə ediləcək və bu məsuliyyət əsasən platformaları idarə edən şirkətlərin üzərinə düşəcək.

"Qeydiyyat prosesi bir neçə mərhələdən ibarət olacaq. Yaşın təsdiqlənməsi üçün müxtəlif identifikasiya vasitələrindən istifadə ediləcək. Platforma yalnız istifadəçinin 16 yaşına çatdığına əmin olduqdan sonra qeydiyyatı təsdiqləyə biləcək. Bu məsuliyyət provayder və platforma şirkətlərinin üzərinə qoyulacaq", – deyə Azər Allahverənov bildirib.

Deputat əlavə edib ki, 16-18 yaş arası yeniyetmələrin sosial şəbəkələrdə qeydiyyatı isə valideyn və ya qanuni nümayəndənin razılığı ilə mümkün olacaq.

"16-18 yaş qrupu ilə bağlı məsələ daha aydındır. Bu yaş kateqoriyasına aid şəxslərin qeydiyyatı valideynin və ya qanuni nümayəndənin razılığı əsasında həyata keçiriləcək. Beləliklə, valideynlər övladlarının sosial şəbəkələrdən istifadəsinə daha effektiv nəzarət edə biləcəklər", – deyə deputat qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada