961 şəxs saxlanıldı - Naxçıvanda

961 şəxs saxlanıldı - Naxçıvanda
13:20

Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin ilk 6 ayı ərzində axtarışda olan 961 şəxs saxlanılıb, vətəndaşlardan 49 odlu silah götürülüb.

News365.az xəbər verir ki, bu barədə məlumatı muxtar respublikanın Daxili İşlər Nazirliyi açıqlayıb.

Bildirilib ki, Naxçıvan MR-də ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində polis əməkdaşları tərəfindən 2026-cı ilin ilk 6 ayı ərzində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.

Bu tədbirlər nəticəsində müxtəlif hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, ticarət obyektlərindən, mənzillərdən və digər ərazilərdən pul, qızıl-zinət əşyaları, əlvan metallar və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 89 nəfər məsuliyyətə cəlb olunub.

Hesabat dövründə narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən 11 nəfər saxlanılıb, narkotiklə əlaqəli 8 cinayət faktı aşkarlanaraq şübhəli şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən yabanı halda bitmiş ümumi çəkisi 19,218 ton olan 230 min 632 ədəd çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq edən, müxtəlif bankların adından istifadə edərək kredit veriləcəyi vədi ilə pul vəsaitlərini mənimsəyən, eləcə də sosial şəbəkələr vasitəsilə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən ümumilikdə 20 nəfər məsuliyyətə cəlb olunub.

Naxçıvan şəhərində quraşdırılmış texniki nəzarət vasitələri ilə 106 hadisə və 12069 yol hərəkəti qaydası pozuntusu qeydə alınıb. Həmçinin bu vasitələrin köməyi ilə 231 yol-nəqliyyat hadisəsi, 3 yanğın, 12 avtoxuliqanlıq və 16 digər cinayət hadisəsi müəyyən edilib.

Sosial media platformalarında qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına görə 41 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Əməliyyatlar zamanı qanunsuz saxlanılan 49 odlu silah, 21 tir silahı, 8 pnevmatik tapança, 2 tapança, 6 avtomat darağı, 2991 ədəd müxtəlif çaplı patron, 17 əl qumbarası, 2 partlayıcı qurğu və 1 qumbaraatan aşkar edilərək götürülüb.

"102" Xidməti-Zəng Mərkəzinə daxil olan 8 mindən çox müraciət operativ cavablandırılıb, polis naryadlarının hadisə yerlərinə vaxtında yönləndirilməsi təmin edilib.

Mülki-hüquqi öhdəliklərin icrasından yayınan və müxtəlif maddələrlə axtarışda olan 961 nəfər saxlanılıb. Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 49 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, vətəndaşların qəbulu zamanı 692 nəfərin müraciəti araşdırılıb, qaldırılan məsələlərin həlli istiqamətində zəruri tədbirlər görülüb.


Sizin reklam burada
Sizin reklam burada