Azərbaycanın İsraillə münasibətləri fonunda ölkənin İran və Türkiyə ilə əlaqələri, eləcə də Bakı siyasətinin regional proseslərə təsiri yenidən diqqət mərkəzinə gəlib.
Politoloq Turan Rzayev bu barədə News365.az-a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Bakıda keçirilən CAMCA Regional Forumunda səsləndirdiyi fikirləri şərh edib.
Politoloqun sözlərinə görə, Azərbaycanın İsraillə münasibətləri yaxşı səviyyədə olsa da, Bakı Fələstin məsələsində öz mövqeyindən geri çəkilmir. O bildirib ki, Azərbaycan iki dövlətli həll modelini və Şərqi Qüdsün Fələstinin paytaxtı olmasını dəstəkləyir.
“Azərbaycanın İsraillə münasibətləri var və bu münasibətlər çərçivəsində Bakı öz prinsiplərini də qoruyur. Eyni zamanda, İranla münasibətlərdə mehriban qonşuluq və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsas götürülür”, – deyə Rzayev bildirib.
Politoloq hesab edir ki, Hikmət Hacıyevin Azərbaycanın suveren ərazisindən qonşu dövlətlərə qarşı hər hansı fəaliyyətə yol verilməyəcəyi barədə açıqlaması xüsusilə diqqət çəkir.
Onun sözlərinə görə, İranın Azərbaycan-İsrail münasibətləri ilə bağlı narahatlığının əsas səbəblərindən biri İsrailin Azərbaycan ərazisindən İrana qarşı mümkün hərbi və kəşfiyyat fəaliyyətləri üçün istifadə edə biləcəyi ilə bağlı ehtimallardır.
“Tehran daha çox İsrailin Azərbaycandakı mümkün hərbi mövcudluğu və ölkənin şimalından İrana qarşı istifadə edilə biləcəyi ehtimalından narahatdır. Türkiyənin yanaşması isə fərqlidir. Ankaranın mövqeyində daha çox İsrail-Fələstin məsələsi və Azərbaycanın Təl-Əvivlə münasibətləri ön plana çıxır”, – deyə politoloq qeyd edib.
Rzayev vurğulayıb ki, bu narahatlıqlara baxmayaraq, Azərbaycanın xarici siyasətində əsas prinsiplər dəyişmir.
O bildirib ki, Azərbaycan öz ərazisinin hər hansı qonşu dövlətə qarşı istifadə olunmasına imkan verməyəcəyini açıq şəkildə bəyan edir.
“Azərbaycanın mövqeyi çox aydındır. Ölkə ərazisindən qonşularımızın hər hansı birinə qarşı fəaliyyət həyata keçirilməsi mümkün deyil. Bu, Azərbaycanın təhlükəsizlik və suverenlik prinsiplərinə uyğun deyil”, – politoloq deyib.
Turan Rzayevin fikrincə, Bakıdan İsraillə münasibətlərin dayandırılmasını gözləmək əvəzinə, Azərbaycanın xarici siyasətinin mahiyyətini düzgün qiymətləndirmək daha məqsədəuyğundur.
“Azərbaycan qonşuları ilə mehriban münasibətlərə və qarşılıqlı şəkildə daxili işlərə müdaxilə etməmək prinsipinə hörmətlə yanaşır. Eyni münasibətin qarşı tərəfdən də nümayiş etdirilməsi gözlənilir. Azərbaycanın İsraillə münasibətləri onun İran və digər qonşu dövlətlərə qarşı siyasətinin göstəricisi deyil”, – deyə politoloq əlavə edib.
Rzayev qeyd edib ki, Bakı bir tərəfdən İsraillə əlaqələrini davam etdirir, digər tərəfdən isə Fələstin məsələsində mövqeyini qoruyur və region ölkələri ilə münasibətlərdə suverenlik və qarşılıqlı hörmət prinsiplərini önə çəkir.
Turan Rzayev