Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının Ukrayna ilə bağlı iki əsas prioritetinin ölkəyə qışı adlamaqda kömək etmək və ədalətli, davamlı sülhə nail olmaq olduğunu bildirib.
Makron bu barədə Avropa liderlərinin Dublində keçirilən sammitlərindən sonra Fransa xalqına müraciətində danışıb.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlara getmək istəmir, cəbhədə irəliləyiş əldə edə bilmədiyi üçün isə mülki əhaliyə zərbələri gücləndirərək Ukraynanı qışda işıqsız qoymağa çalışır.
Fransa lideri ikinci prioritetin Ukrayna ilə birlikdə davamlı sülhə nail olmaq olduğunu bildirib. Onun sözlərinə görə, bu proses Ukrayna ordusuna dəstəyi və atəşkəs əldə edildikdən sonra yerləşdirilə biləcək çoxmillətli qüvvələrin hazırlanmasını nəzərdə tutur. Hazırda Polşada bu istiqamətdə hazırlıqlar keçirilir.
Makron, həmçinin Ukraynanın NATO-ya üzv olmalı olduğunu bildirərək, ölkənin Avropanın ən böyük ənənəvi ordusuna malik olduğunu və alyansda yer almasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Moskva Ukraynada müharibənin dayandırılması üçün NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını, eləcə də Ukraynaya Qərb silahlarının tədarükünün dayandırılmasını tələb edir. ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner isə Vaşinqtonun yalnız Ukrayna və Avropanın təhlükəsizliyini gücləndirən razılaşmaları dəstəkləyəcəyini bildirib.