Deputat Elman Nəsirovun qızı Laləzar Nəsirov atası ilə münasibətlərindən, yaşadığı çətinliklərdən və gələcəkdə onunla əlaqələrinin bərpa olunması istəyindən danışıb.
Laləzar Nəsirov bildirib ki, əvvəllər yaydığı videomüraciətdən sonra atası tərəfindən hər hansı addım atılmayıb. Onun sözlərinə görə, hazırda yaşadığı evlə bağlı Şərurlu İsfəndiyara minnətdardır.
O, qeyd edib ki, Şərurlu İsfəndiyar ona beş il müddətinə yaşamaq üçün ev verib.
Laləzar Nəsirov müsahibələrindən birində verdiyi cavabın anasına pis təsir etdiyini də açıqlayıb. Onun sözlərinə görə, “Az Times” saytından Pərvin xanım onu müsahibəyə dəvət edib. Söhbət zamanı atasının anasını xəstəxanaya yerləşdirib-yerləşdirmədiyi soruşulub. Həmin dövrdə baş verənlərdən xəbərsiz olduğunu deyən Laləzar Nəsirov suala mənfi cavab verib.
Bu cavab isə anasının narazılığına səbəb olub. Anası ona ilk dəfə Bayıl xəstəxanasına Elman Nəsirov tərəfindən yerləşdirildiyini xatırladıb.
Laləzar Nəsirov bu mövzuda ətraflı danışmaq istəmədiyini vurğulayıb. O, bunun əsas səbəbinin atası ilə münasibətlərinin tamamilə pozulmasını istəməməsi olduğunu bildirib.
Deputatın qızı Ülvira Qarayevanın verilişində atasının onunla əlaqəsinin olmadığını söyləməsinin də özünə ağır təsir etdiyini deyib.
“İstəyərəm ki, atamla əlaqəm olsun. Gəlsin bizə, getsin, nəvələrini görsün. Nəvələrini doğulandan görməyib, adlarını da bilmir. Bunu mənim başıma çox vurdular. Bu məsələyə görə başım çox bəlalar çəkdi”, – deyə Laləzar Nəsirov bildirib.
O, həmçinin valideynlərinin ayrılmasına baxmayaraq, aralarındakı münasibətlərin yaxşı olmasının onun həyatına təsir edə biləcəyini söyləyib. Laləzar Nəsirovun sözlərinə görə, valideynləri arasındakı münasibətlər yaxşı olsaydı, bəlkə də o, bu qədər tez ailə qurmazdı.
News365.az