ABŞ-da maraqlı hadisə yaşanıb – nüfuzlu "Atlantic" jurnalının redaktoru Cefri Qoldberq təsadüfən ölkənin gizli hərbi planlarının yer aldığı mesaj qrupuna əlavə edilib. Daha da inanılmazı odur ki, bu qrupda ABŞ Müdafiə Naziri Pete Hegseth və vitse-prezident James David Vance adına açılmış hesablar da olub.
Qoldberqin paylaşdığı görüntülərə əsasən, mesajlarda ABŞ-ın Yəməndə husilərə qarşı hücum planlarının təfərrüatları yer alıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes hadisənin reallığını təsdiqləyərək, jurnalistin səhvən bu qrup söhbətinə necə əlavə edildiyini araşdırdıqlarını bildirib.
Jurnalist məqaləsində “Tramp administrasiyası səhvən mənə müharibə planlarını mesajla göndərdi” başlığı ilə bu hadisəni ictimaiyyətə çatdırıb. “Əvvəlcə bunun real olmadığını düşündüm. Sonra bombalar düşməyə başladı” – deyə Qoldberq bildirib.
Hughes məsələ ilə bağlı verdiyi açıqlamada bu səhvin Yəməndəki hərbi əməliyyatlara təsir etmədiyini iddia etsə də, sosial mediada bir çox istifadəçi ABŞ-ın gizli müharibə planlarının təsadüfən jurnalistə göndərilməsini qəbuledilməz sayıb.
ABŞ martın 15-də Yəməndə husilərə qarşı hücumlara başlayıb. Prezident Donald Tramp isə hadisə ilə bağlı jurnalistlərin sualına qısa cavab verib: "Mənim bu mövzuda heç bir məlumatım yoxdur."