Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu paylaşımı ilə diqqət çəkib.
News365.az xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanın anasına ünvanlanan təhqirləri pisləyib.
"Çörək, su, hava kimi müqəddəs saydığım analarımızın ünvanına söylənən təhqirləri qəbul edə bilmirəm. Prezidentin anasına edilən təhqirləri ürəkdən pisləyirəm. Bir daha uca Allahdan ona rəhmət diləyirəm”, - deyə İmamoğlu yazıb.
Qeyd edək ki, Əkrəm İmamoğlunun həbsinə etiraz edən CHP-çilərdən bəziləri Prezident Ərdoğanın mərhum anası haqda təhqiramiz ifadələr işlədiblər.
Aralarında Əkrəm İmamoğlunun da olduğu 100 şübhəlinin “cinayət təşkilatının lideri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tender saxtakarlığı” ittihamları ilə saxlanıldığı bildirilib. İstintaqda İmamoğlunun cinayət təşkilatının rəhbəri olduğu vurğulanıb.