Fidyə nədir və kimlər verməlidir? - Tural İrfan yazır
Aktual
28 Mar 2025 10:31
Quranda bu haqda buyurulur: "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər." (Bəqərə - 184)
Ayədə açıq göstərilir ki, müxtəlif üzrlü səbəblərə görə Ramazan orucunu tuta bilməyənlər əgər maddi imkanları çatarsa tutmadıqları hər günün əvəzinə bir kasıbın qarnını doydurmalıdırlar. Üç gün tuta bilməyibsə üç gün, on gün tutmayıbsa on gün əvəzinə, bir ayı başdan başa tuta bilməyibsə də bir ayın 30 günü əvəzinə fidyə verməlidirlər. Təbii ki, aza gücü çatan bacardığı qədər edər. Heç gücü çatmayan etməz və Allahdan əfv diləyər.
Nəinki fidyə, hətta qəsdən orucunu pozmuş və boynuna kəffarə gəlmiş imkansız bir şəxsə Peyğəmbər bir bağlama xurma verdi ki, apar kasıblara payla. O şəxs həmin xurmaya özündən və ailəsindən daha möhtac kimsəni tanımadığını bildirdikdə Peyğəmbər ona buyurdu ki, apar, özün və ailən üçün istifadə edin.
Bu kasıblıq vaxtında, əhalinin sosial durumunun hüznlü məqamında bəzi din xadimləri öz tərəzisi ilə ölçüb böyük məbləğdə fidyə pulu elan edirlər. Bu, məqbul deyil, Allahın Kitabına və Peyğəmbərin ənənəsinə ziddir.
Kimin nəyə və nə qədər imkanı çatarsa kasıblara verdiyi ərzaqa, məbləğə fidyə deyilir. Fitrədəki kimi kasıb və varlı təbəqəni nəzərə almadan hamı üçün standart rəqəm açıqlamaq gülüncdür və savadsızlıqdır.
Bəyəm oruc tutan adamların hamısı eyni kaloridə, eyni miqdarda, eyni dəyərdə sahur və iftar edib? Biri 3 ədəd soyutma yumurta yeyib, o biri də qara kürü və "qızıl balıq" yaxud 40 manatlıq "bölgə balığı" ilə iftar edibsə bunların ikisi də ayın axırında hansı dinə, hansı insafa görə eyni məbləğdə fitrə və fidyə verməlidirlər?
Quran məntiqinə görə Allah heç kəsi bacarmadığı, gücü çatmadığı işlə yükləməz.