Xərclərə limit qoyulsun, yeni strategiya hazırlansın - TƏKLİF

Xərclərə limit qoyulsun, yeni strategiya hazırlansın - TƏKLİF
12:55

2027-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 60,6 faizdən çoxunun qeyri-neft-qaz sektorunun payına düşəcəyi proqnozlaşdırılır. Hesablama Palatası büdcə layihəsini qanunvericiliyin tələblərinə uyğun hesab etsə də, fiskal dayanıqlığın gücləndirilməsi, cari xərclərin artımının məhdudlaşdırılması və dövlət borcunun idarə olunması ilə bağlı bir sıra təkliflər irəli sürüb.

News365.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn ilin büdcə layihəsi əvvəlki dövrün iqtisadi reallıqları və qarşıdakı illərin çağırışları nəzərə alınmaqla hazırlanıb. Layihənin əsas xüsusiyyətlərindən biri qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payının 77 faizdən çox olmasının proqnozlaşdırılmasıdır. Bu, indiyədək qeydə alınan ən yüksək göstərici olacaq.

Eyni zamanda, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizdən çoxunun qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına formalaşacağı gözlənilir.

Vüqar Gülməmmədov gələn ilin büdcəsini neftdən asılılığın azaldılmasında dönüş nöqtəsi, eləcə də hərbi, sosial və investisiya xərclərinin optimal sintezi kimi xarakterizə edib.

Palata sədrinin bildirdiyinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsi qanunvericiliyin tələblərinə uyğun hazırlanıb. Gəlir və xərc proqnozları, eləcə də digər əsas büdcə göstəriciləri müvafiq hesabatlılıq çərçivəsində əsasən düzgün və etibarlı təqdim olunub. Bununla belə, bəzi göstəricilərin təkmilləşdirilməsinə ehtiyac var.

O bildirib ki, 2026-cı il oktyabrın 1-nə dövlət borcunun ÜDM-ə nisbəti 17,3 faiz təşkil edib. Bu göstəricinin beynəlxalq səviyyədə müəyyən edilmiş kritik hədlərdən xeyli aşağı olması və Azərbaycan Dövlət Neft Fondunun aktivləri ölkənin xarici makroiqtisadi şoklara qarşı maliyyə dayanıqlığını gücləndirir.

Bununla yanaşı, uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi üçün milli fiskal qaydaların və qeyri-resurs gəlir bazasının institusional baxımdan gücləndirilməsi vacibdir.

Büdcə Məcəlləsinin hazırlanması təklif edilir

Hesablama Palatasının əsas təkliflərindən biri “Büdcə sistemi haqqında” qanunun müasir iqtisadi və rəqəmsal idarəetmə tələblərinə uyğun yenilənməsidir.

Vüqar Gülməmmədov qeyd edib ki, hazırda büdcə münasibətləri müxtəlif hüquqi aktlarla tənzimlənir və praktikada bu sənədlər arasında müəyyən ziddiyyətlər yaranır. Bu baxımdan büdcə prosesinin vahid hüquqi sənəddə əks etdirilməsi, başqa sözlə, Büdcə Məcəlləsinin hazırlanması məqsədəuyğun hesab olunur.

Onun sözlərinə görə, qanunun maliyyə sənədlərinin təqdimat siyahısını tənzimləyən 12, 16, 18 və 20-ci maddələrinin də müasir rəqəmsal idarəetmə tələblərinə uyğunlaşdırılmasına ehtiyac var.

Ekoloji ödənişlər vahid mexanizmlə toplana bilər

Palatanın növbəti təklifi ekoloji sahəyə aid ödənişlərin toplanması və idarə olunması ilə bağlıdır.

Qeyd olunub ki, məqsədli büdcə fondlarının ləğvindən sonra əvvəlki fondların gəlir mənbələri ilə xərc istiqamətləri arasındakı əlaqənin və müvafiq sahələrin maliyyə təminatının qorunması vacibdir.

Hesablama Palatası ətraf mühitin mühafizəsi və bərpası ilə bağlı ödənişlərin “ekoloji vergi” növü kimi Dövlət Vergi Xidməti vasitəsilə vahid mexanizmlə toplanmasını təklif edir.

Vüqar Gülməmmədov bildirib ki, ekoloji qurumların əsas funksiyası vəsait toplamaq deyil, ətraf mühitə nəzarəti həyata keçirmək olmalıdır. Toplanan vəsaitlərin isə ekoloji risklər, təsirlər və bərpa prioritetləri nəzərə alınmaqla bölüşdürülməsi məqsədəuyğundur.

Cari xərclərin artımına limit qoyulması təklif olunur

Hesablama Palatası ortamüddətli dövrün sonuna qədər cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına tam qarşılanması hədəfini müsbət qiymətləndirib.

Bununla belə, Palata cari xərclərin büdcədəki payının artmasını uzunmüddətli maliyyə dayanıqlığı üçün potensial risk hesab edir. Bildirilib ki, bu göstərici 60,4 faizdən 62,3 faizə yüksəlib.

Bu səbəbdən büdcə qaydasında cari xərclərin artım tempinə də məhdudiyyət qoyulması təklif edilib. Palata, həmçinin cari xərclərin və qeyri-neft gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasını zəruri hesab edir.

Dövlət proqramlarının xərcləri ayrıca göstərilməlidir

Hesablama Palatasının digər təklifi dövlət proqramlarının maliyyələşdirilməsi və hesabatlılığı ilə bağlıdır.

Vüqar Gülməmmədovun sözlərinə görə, 2021-ci ildə qəbul edilmiş müvafiq qaydalar əsasında indiyədək 30-a yaxın dövlət proqramı və digər strateji sənəd təsdiqlənib. Bu proqramların maliyyə mənbələrini əsasən dövlət büdcəsi və büdcədənkənar dövlət fondları təşkil edir.

Palata dövlət büdcəsi hesabına maliyyələşdirilən məqsədli proqramların bütün xərclərinin büdcə sənədlərində ayrıca sətirlərlə göstərilməsini təklif edir. Eyni zamanda, proqramların icrası ilə bağlı maliyyə və qeyri-maliyyə məlumatlarının da büdcə sənədləşməsinə daxil edilməsi vacib sayılır.

Dövlət borcunun idarə olunması strategiyası yenilənməlidir

Hesablama Palatası dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın yenilənməsini də zəruri hesab edir.

Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, dövlət borcunun idarə edilməsinə dair əvvəlki strategiya 2022–2025-ci illəri əhatə edib. Həmin sənəddə 2025–2030-cu illər ərzində 2 milyard manatadək dövlət zəmanətinin verilməsinin nəzərdən keçirilə biləcəyi göstərilib.

Lakin 2027-ci ilin dövlət büdcəsi layihəsində dövlət zəmanətinin limitinin 6 milyard manat müəyyən edilməsi nəzərdə tutulur. Bundan başqa, strategiyada 2030-cu ilin sonuna məcmu dövlət zəmanətli maliyyə öhdəliklərinin həcminin 16,8 milyard manatadək endirilməsi hədəfi yer alıb.

Palata bu fərqləri nəzərə alaraq 2027–2030-cu illəri əhatə edən yeni dövlət borcu strategiyasının hazırlanmasını və onun fiskal institutlarla uzlaşdırılmasını təklif edib.

Sonda Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası Milli Məclisə təqdim edilmiş 2027-ci ilin dövlət büdcəsi layihəsinin qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlandığı qənaətindədir. Onun sözlərinə görə, layihə qarşıda duran əsas vəzifələrin və strateji hədəflərin maliyyə təminatına xidmət edəcək.


Sizin reklam burada
Sizin reklam burada