Hesablama Palatasından 2027-ci ilin büdcəsinə 6 mühüm təklif

Hesablama Palatasından 2027-ci ilin büdcəsinə 6 mühüm təklif
12:50

2027-ci ilin dövlət büdcəsində qeyri-neft-qaz sektorunun payının 77 faizdən, büdcə gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payının isə 60,6 faizdən çox olacağı proqnozlaşdırılır. Hesablama Palatası büdcə layihəsini ümumilikdə qanunvericiliyin tələblərinə uyğun hesab etsə də, fiskal dayanıqlığın gücləndirilməsi, büdcə sisteminin yenilənməsi və dövlət borcunun idarə olunması ilə bağlı bir sıra təkliflər irəli sürüb.

News365.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair rəyində bildirilib.

Qeyd olunub ki, gələn ilin dövlət büdcəsi əvvəlki dövrün iqtisadi reallıqları və qarşıdakı illərin çağırışları nəzərə alınmaqla hazırlanıb. Layihənin əsas xüsusiyyətlərindən biri qeyri-neft-qaz sektorunun ÜDM-də payının 77 faizdən çox olmasının gözlənilməsidir. Bu göstəricinin ölkə tarixində ən yüksək səviyyəyə çatacağı proqnozlaşdırılır.

Digər mühüm məqam dövlət büdcəsi gəlirlərinin strukturunda qeyri-neft-qaz sektorunun payının 60,6 faizdən çox olacağı ilə bağlıdır.

Hesablama Palatasının qiymətləndirməsinə görə, büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun hazırlanıb, əsas gəlir və xərc proqnozları isə müvafiq hesabatlılıq çərçivəsində əsasən düzgün və etibarlı təqdim olunub. Bununla yanaşı, bəzi göstəricilərin təkmilləşdirilməsinə ehtiyac var.

Palata dövlət borcunun ÜDM-ə nisbətinin kritik hədlərdən xeyli aşağı səviyyədə saxlanıldığını, suveren fond aktivlərinin isə ölkənin xarici iqtisadi şoklara qarşı maliyyə dayanıqlığını gücləndirdiyini vurğulayıb. Bununla belə, qeyri-resurs gəlir bazasının institusional baxımdan gücləndirilməsi vacib şərt kimi qiymətləndirilib.

Büdcə sisteminin yenilənməsi təklif olunur

Hesablama Palatasının əsas təkliflərindən biri "Büdcə sistemi haqqında" qanunun müasir iqtisadi və rəqəmsal idarəetmə tələblərinə uyğun yenilənməsidir.

Qeyd edilib ki, hazırda büdcə münasibətləri müxtəlif hüquqi aktlarla tənzimlənir və bu sənədlər arasında bəzi hallarda ziddiyyətlər yaranır. Bu baxımdan büdcə prosesinin vahid hüquqi sənəddə birləşdirilməsi, başqa sözlə, büdcə qanunvericiliyinin məcəllələşdirilməsi təklif olunur.

Ekoloji ödənişlərin yığılması dəyişə bilər

Palatanın digər təklifi məqsədli büdcə fondlarının ləğvindən sonra ekoloji sahəyə ayrılan vəsaitlərin idarə olunması ilə bağlıdır.

Təklifə əsasən, ətraf mühitin mühafizəsi və bərpası ilə bağlı ödənişlərin ekoloji vergi kimi Dövlət Vergi Xidməti vasitəsilə vahid mexanizm əsasında toplanması məqsədəuyğun hesab edilir.

Bildirilib ki, ekoloji qurumların əsas funksiyası vəsait toplamaq deyil, ətraf mühitə nəzarət olmalıdır. Toplanan vəsaitlərin isə ekoloji risklər, təsirlər və bərpa prioritetləri nəzərə alınmaqla bölüşdürülməsi təklif edilir.

Cari xərclərin artımına limit qoyulması gündəmdədir

Hesablama Palatası orta müddətli dövrün sonuna qədər cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına tam qarşılanması hədəfini müsbət qiymətləndirib.

Bununla yanaşı, cari xərclərin büdcədəki payının davamlı artmasının uzunmüddətli maliyyə dayanıqlığı üçün risk yarada biləcəyi vurğulanıb. Bu səbəbdən büdcə qaydasında cari xərclərin artım tempinə də məhdudiyyət qoyulması təklif edilib.

Dövlət proqramlarının xərcləri ayrıca göstərilməlidir

Palatanın növbəti təklifi dövlət proqramlarının maliyyələşdirilməsi və hesabatlılığı ilə bağlıdır.

Qeyd olunub ki, 2021-ci ildən indiyədək 30-dan çox dövlət proqramı və digər strateji sənəd qəbul edilib. Bu proqramların maliyyə mənbələri əsasən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarıdır.

Hesablama Palatası dövlət büdcəsi hesabına maliyyələşdirilən məqsədli proqramların bütün xərclərinin büdcə sənədlərində ayrıca sətirlər üzrə göstərilməsini, proqramların icrası ilə bağlı maliyyə və qeyri-maliyyə məlumatlarının da büdcə zərfinə daxil edilməsini təklif edib.

Dövlət borcunun idarə olunması strategiyası yenilənməlidir

Hesablama Palatası dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın da yenilənməsini zəruri hesab edir.

Rəydə diqqətə çatdırılıb ki, əvvəlki strategiya 2022–2025-ci illəri əhatə edib və 2030-cu ilin sonunadək olan dövr üçün hədəfləri müəyyənləşdirib. Sənəddə 2025–2030-cu illər ərzində 2 milyard manatadək dövlət zəmanətinin verilməsi nəzərdə tutulduğu halda, 2027-ci ilin büdcə layihəsində dövlət zəmanətlərinin limiti 6 milyard manat göstərilib.

Bununla əlaqədar dövlət borcunun idarə edilməsinə dair 2027–2030-cu illəri əhatə edən yeni strategiyanın hazırlanması və onun fiskal institutlarla uzlaşdırılması təklif olunub.

Sonda Hesablama Palatası Milli Məclisə təqdim edilmiş 2027-ci il dövlət büdcəsi layihəsinin qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlandığı qənaətinə gəlib. Bildirilib ki, büdcə layihəsi qarşıda duran vəzifələrin və strateji hədəflərin maliyyə təminatına xidmət edir.


Sizin reklam burada
Sizin reklam burada