Azərbaycanda istehsalın və ixracın genişləndirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə yeni dəstək tədbirlərinin tətbiqinə başlanılıb. Yeni mexanizm çərçivəsində sahibkarlıq kreditləri üzrə faizlərin yarısının dövlət tərəfindən ödənilməsi, ixracatçıların nəqliyyat və gömrük xərclərinin kompensasiya edilməsi nəzərdə tutulur.
News365.az xəbər verir ki, yeni dəstək paketi çərçivəsində Bakı və Abşeron ərazisindən kənarda fəaliyyət göstərən sahibkarların kreditləri üzrə faizlərin 50 faizi dövlət tərəfindən subsidiyalaşdırılır.
Bununla yanaşı, kredit zəmanətinin limiti 20 faizdən 50 faizə qaldırılıb. Qeyri-neft-qaz özəl sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə isə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsait hesabına ödəmək imkanı yaradılıb.
Dəstək tədbirləri enerji təminatını da əhatə edir. Belə ki, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
İxracatçılar üçün də əlavə güzəştlər tətbiq olunur. Onların nəqliyyat xərclərinin 70 faizə qədər hissəsi, mikro, kiçik və orta sahibkarların isə gömrük rəsmiləşdirilməsi ilə bağlı xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya edilir.
Bundan başqa, gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların azı 50 faizinin ixrac edilməsi şərtilə, həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması planlaşdırılır.
Qeyd edək ki, 2026-cı ildə Ələt Azad İqtisadi Zonasının infrastrukturunun inkişafı üçün 150 milyon manatadək vəsait ayrılıb.