Azərbaycanda iqtisadi artımın növbəti mərhələdə özəl sektor və özəl investisiyalar hesabına təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə dövlət satınalmalarının yerli istehsala yönəldilməsi, iri dövlət sifarişlərinin müəyyən hissəsinin ölkə daxilində istehsal hesabına qarşılanması istiqamətində yeni mexanizmlər üzərində iş aparılır.
News365.az xəbər verir ki, bu barədə iqtisadi artımın yeni mənbələrinin işə salınması və investisiya mühitinin inkişafı ilə bağlı açıqlamada bildirilib.
Qeyd olunub ki, dövlət xərclərinin optimallaşdırılması fonunda iqtisadi artımın əsas dayağı özəl sektor və özəl investisiyalar olacaq. Bu şəraitdə dövlətin iqtisadiyyatda rolu birbaşa investor olmaqdan daha çox əlverişli biznes mühiti yaratmaq və riskləri bölüşmək istiqamətində dəyişir.
Bu keçidin ilkin nəticələri də müşahidə olunur. Belə ki, cari ilin ilk 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyalar 18 faizə yaxın artıb.
Məlumata görə, bu artımın davamlılığını təmin etmək üçün iqtisadiyyatın yeni inkişaf mənbələrinin hərəkətə gətirilməsi vacibdir. Bu baxımdan daxili tələbin strukturunun dəyişdirilməsi, dövlət satınalmalarında yerli məhsullara üstünlük verilməsi xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, dövlət hər il böyük həcmdə mal və xidmət satın alır və bu tələbatın müəyyən hissəsi idxal hesabına ödənilir. Yerli istehsalı olan və ya ölkədə istehsalı təşkil edilə bilən məhsullar üzrə dövlət sifarişlərinin yerli müəssisələrə yönəldilməsi istehsalın genişlənməsinə və sahibkarlar üçün daha sabit bazarın formalaşmasına şərait yarada bilər.
Əczaçılıq və rəqəmsal həllər bu istiqamətdə nümunə kimi göstərilib. Həmin sahələr üzrə dövlət satınalmalarının yerli istehsalçılara yönəldilməsi ölkə daxilində istehsal imkanlarının genişlənməsinə təkan verir.
Hazırda dövlət sifarişlərinin mövcud yerli istehsala yönəldilməsi, eləcə də iri dövlət satınalmalarının müəyyən hissəsinin ölkə daxilində istehsal hesabına təmin olunması üçün mexanizmlər üzərində iş aparılır.