Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə idxal olunan heyvanların yalnız xüsusi nəqliyyat vasitələri ilə daşınması və bu avtomobillərin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə cavab verməsi barədə qərarı iqtisadçılar tərəfindən narazılıqla qarşılanıb.

İqtisadçı ekspert Natiq Cəfərli AQTA-nın bu addımını kəskin tənqid edərək, qərarın biznes mühitinə zərər vurduğunu və ətin qiymətini daha da bahalaşdıracağını bildirib. Ekspert hökuməti aşırı tənzimləmələrdən imtina etməyə və daha çevik iqtisadi modelə keçməyə çağırıb:
“Yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi 'loser'ə çevirən səhvlərin təkrarlanması. Əl çəkin insanlardan, imkan verin biznes qursunlar, inkişaf etdirə bilsinlər. Bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!”
N.Cəfərli qeyd edib ki, ölkədə fəaliyyət göstərən bir çox məzmunsuz qurum ləğv edilməli və təcili olaraq “kiçik və effektiv” hökumət modelinə keçilməlidir. Əks təqdirdə iqtisadi daralmanın sürətlənəcəyini vurğulayan ekspert, bu növ qərarların birbaşa istehlakçıya zərbə vurduğunu diqqətə çatdırıb:
“Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir. Yəni AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır”.