ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı əvvəllər səsləndirdiyi fikirlər alyansın gələcəyi ilə bağlı müxtəlif müzakirələrə səbəb olsa da, Vaşinqtonun bu hərbi-siyasi blokdan imtina etməsi real görünmür.
Bu fikri politoloq Tamilla Qulami News365.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın NATO-dan uzaqlaşacağı, hətta alyansın maliyyələşdirilməsini dayandıracağı ilə bağlı iddialar səsləndirilsə də, bunlar daha çox siyasi müzakirələr xarakteri daşıyırdı.
“ABŞ heç vaxt NATO-dan əl çəkməz. Çünki Vaşinqton dünyada özündən kənar yeni bir güc mərkəzinin formalaşmasını istəmir. Əgər ABŞ NATO-dan çəkilsəydi, alyans müstəqil güc mərkəzinə çevrilə bilərdi. Bu isə Amerikanın geosiyasi maraqlarına uyğun deyil”, – deyə o bildirib.
Tamilla Qulami qeyd edib ki, Donald Tramp xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırır, onların təhlükəsizlik sahəsində daha çox məsuliyyət daşımalı olduğunu vurğulayırdı.
“Tramp hesab edirdi ki, Avropa dövlətləri uzun illər ABŞ-ın təhlükəsizlik çətiri altında qalıblar və hərbi büdcələrini artırmağa kifayət qədər maraq göstərməyiblər. Avropa Birliyi ölkələri daha çox daxili iqtisadi problemlərin həllinə üstünlük verirdilər”, – politoloq bildirib.
Ekspertin fikrincə, NATO ABŞ üçün təkcə hərbi ittifaq deyil, həm də Avropa və ətraf regionlarda strateji təsir imkanlarını qorumaq vasitəsidir.
Türkiyədə keçiriləcək NATO tədbirinə də toxunan Tamilla Qulami bildirib ki, Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın regional nüfuzunu yaxşı qiymətləndirir.
“Benjamin Netanyahu ilə görüş zamanı da bu münasibət hiss olunurdu. Tramp Ərdoğanın həm İslam dünyasında, həm də türk dövlətləri arasında ciddi nüfuza malik olduğunu bilir. O, praqmatik siyasətçidir və beynəlxalq arenada çəkisi olan liderlərlə münasibətlərini qorumağa çalışır. Bu baxımdan da Türkiyənin və Ərdoğanın rolunu nəzərə alır”, – deyə politoloq əlavə edib.