Məsələ ilə bağlı News365.az-a bildirildi ki, 6 iyul 2026-cı il tarixində əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslərinin təxirə salınması ilə əlaqədar iyulun 7-də uçuş cədvəli əhəmiyyətli dərəcədə intensivləşdirilib.
Bakı Hava Limanında yaranmış yüksək sərnişin axınının vaxtında daşınmasını təmin etmək məqsədilə Naxçıvandan Bakıya yönələn J2-292 nömrəli reys planlaşdırılandan daha az sərnişinlə yerinə yetirilib. Bu qərar təyyarənin Bakıya vaxtında qayıtmasını, növbəti reyslərin qrafikə uyğun icrasını və daha çox sərnişinin operativ şəkildə evlərinə çatdırılmasını təmin etmək üçün qəbul edilib.
J2-292 nömrəli reyslə uçmalı olan sərnişinlər gün ərzində fəaliyyət göstərən növbəti reyslərlə Bakıya daşınıb. Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşlar normal rejimdə həyata keçirilir.
"Azərbaycan Hava Yolları" yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir və anlayış nümayiş etdirdikləri üçün onlara təşəkkür edir.
***
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Naxçıvan reysində növbəti biabırçı mənzərə yaşanıb.
News365.az-ın əldə etdiyi özəl məlumata və video görüntülərə görə, Bakıdan Naxçıvana uçan 106 yerlik sərnişin təyyarəsində cəmi 36 nəfər uçub. Təyyarənin göyərtəsinin böyük hissəsinin boş qalmasına baxmayaraq, kassalarda günlərlə növbə gözləyən və təcili Naxçıvana getməli olan vətəndaşlara bilet tapılmadığı bildirilib.
Sərnişinlər tərəfindən çəkilən görüntülərdə təyyarədəki boş oturacaqlar aydın şəkildə əks olunub. Vətəndaşlar kassalarda süni bilet qıtlığı yaradıldığını, yüzlərlə insanın bilet növbəsində əziyyət çəkdiyi bir vaxtda təyyarələrin yarıboş reys yerinə yetirməsini kəskin ittham ediblər.
Sözügedən biabırçı vəziyyəti əks etdirən eksklüziv görüntüləri təqdim edirik:
vəfa Vəliyeva, News365.az