ABŞ Prezidenti Donald Trampın NATO sammitində Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşü zamanı səsləndirdiyi fikirlər qlobal mətbuatın diqqət mərkəzindədir. Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı optimist danışan Tramp, gözlənilmədən Azərbaycan və Ermənistan arasındakı sülh prosesini bütün dünyaya nümunə çəkib.
ABŞ lideri Moskva ilə Kiyev arasında razılığın mümkünlüyünü vurğulayarkən, Cənubi Qafqazda 32 il davam edən münaqişənin həlli istiqamətində əldə olunan nəticələrə istinad edib. Trampın bu müqayisəsi və Bakı ilə İrəvan arasındakı münasibətləri model kimi göstərməsi beynəlxalq analitiklər tərəfindən xüsusi maraqla qarşılanıb.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Donald Trampın bu bəyanatı təsadüfi deyil və mühüm geosiyasi mesajlar daşıyır:
“İlk növbədə, bu açıqlama Azərbaycanın regionda yaratdığı yeni reallığın qlobal güclər tərəfindən tam qəbul edilməsinin göstəricisidir. Əgər əvvəllər Cənubi Qafqaz beynəlxalq platformalarda risk zonası kimi təqdim olunurdusa, bu gün artıq sülh modeli və diplomatik uğur nümunəsi kimi dəyərləndirilir. Bu, Azərbaycanın yürütdüyü ardıcıl və qətiyyətli siyasətin nəticəsidir”.
Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ilə Azərbaycan-Ermənistan münaqişəsinin mahiyyəti fərqli olsa da, Trampın əsas mesajı siyasi iradənin gücünə yönəlib:
“Tramp demək istəyir ki, onillərlə uzanan ən mürəkkəb böhranlar belə düzgün yanaşma ilə həll edilə bilər. ABŞ Prezidentinin bu sülh prosesini nümunə gətirməsi ölkəmizin beynəlxalq nüfuzunun, diplomatik çəkisinin və Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin növbəti təsdiqidir. Bu gün Azərbaycan qlobal arenada münaqişə ilə deyil, məhz sabitlik və sülhün qurulması ilə assosiasiya olunur”.
Xatırladaq ki, jurnalistlərin sülh sazişi üçün konkret vaxt çərçivəsi ilə bağlı sualını cavablandıran Tramp hər hansı son tarix (dedlayn) qoymadığını, çünki prosesdə çox böyük risklərin olduğunu bildirib. O, həmçinin müharibə bitənə qədər Ukraynaya səfər etmək arzusunda olduğunu da diqqətə çatdırıb.