"Heç kəs kənarda qalmayacaq" – Azərbaycanda yeni siyahıyaalmanın əhəmiyyəti nədir?

"Heç kəs kənarda qalmayacaq" – Azərbaycanda yeni siyahıyaalmanın əhəmiyyəti nədir?
10:20

Azərbaycanda növbəti əhali siyahıyaalınmasının keçiriləcəyi tarix məlum olub. Rəsmi qərara əsasən, ölkədə növbəti siyahıyaalma 2029-cu il oktyabrın 1-dən 31-dək həyata keçiriləcək.

Bu irimiqyaslı prosesin əhəmiyyəti ilə bağlı News365.az-a açıqlama verən Bakı Dövlət Universitetinin (BDU) sosioloqu, Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev bildirib ki, əhalinin siyahıyaalınması hər bir dövlət üçün strateji prioritetdir:

“Əhalinin siyahıyaalınması universal bir prosesdir və burada BMT-nin tövsiyələri, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin “heç kəsi kənarda qoymamaq” prinsipi əsas götürülür. Bu proses ölkənin sosial, iqtisadi və demoqrafik mənzərəsini tam ortaya qoyur, bir növ dövlətin real sosial xəritəsini formalaşdırır”.

Alimin sözlərinə görə, siyahıyaalma vasitəsilə cəmiyyətdəki demoqrafik tendensiyalar, şəhər-kənd əhalisinin nisbəti, cins-yaş tərkibi və mövcud sosial problemlər kompleks şəkildə təhlil edilir. Bu məlumatlar dövlətin gələcəyə yönəlik yaxın, orta və uzunmüddətli strateji qərarlar qəbul etməsinə kömək edir.

Prosesin icra mexanizminə toxunan Ü.Şəfiyev qeyd edib ki, burada vahid metod yoxdur və minlərlə işçi qüvvəsi ilə yanaşı, müasir texnologiyalardan da istifadə olunacaq:

“Məlumatların dəqiqliyi üçün fərdi sorğular, sosioloji müşahidələr və rəsmi sənəd mənbələri çarpaz şəkildə yoxlanılır. Müasir dövrdə innovativ həllərdən və süni intellekt texnologiyalarından istifadə etməklə daha dəqiq nəticələr əldə etmək mümkündür. Lakin bunun üçün ilk növbədə əhalinin maarifləndirilməsi vacibdir”.

Sosioloq vurğulayıb ki, media və sosial şəbəkələr vasitəsilə vətəndaşlara bu tədbirin dövlət əhəmiyyəti izah olunmalıdır: “Hər bir vətəndaş bu prosesdə aktiv iştirak etməli və sorğulara tam dəqiq cavablar verməklə ölkənin gələcək inkişaf planlamasına öz töhfəsini verməlidir”.


Sizin reklam burada
Sizin reklam burada